Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan buna mane olsa, döyüş qaçılmazdır

Ermənistan buna mane olsa, döyüş qaçılmazdır

Tarix: 6 Sentyabr 2022 21:06

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fazil bəy, Brüsseldə sülh üzərində işləmək üçün Azərbaycan və Ermənistan liderlərinin razılaşması var. Bir aydan sonra təqdim ediləcək sülh sənədinin ardınca prosesin irəliləməsi mümkün görünürmü?

- Sülh prosesi elə məhz bu cür gedir. İlk olaraq işçi qrupları yaradılır, müzakirələr aparılır. Yekunda da sənəd hazırlanır. Bundan sonra isə sənəd xarici işlər nazirləri, ardınca isə dövlət başçıları tərəfindən müzakirə edilir. Burada da bütün detallar müzakirə olunur. Ona görə də bu mərhələ mütləq keçilməlidir. Çox guman ki, bunun da müsbət nəticəsi olacaq. Çünki Ermənistan üçün geridönüş və daldalanacağı heç bir məqam qalmayıb.

- Qarşı tərəfin növbəti dəfə prosesə əngəl olacaq addımlar atacağı gözlənilir, yoxsa artıq reallıq tam anlayıblar?

- Ermənistan bunu hansısa formada dağıtmağa çalışsa, onun üçün böyük bir fiasko olacaq. Azərbaycan da artıq bu məsələdə hansısa bir güvəni yenidən bərpa etməyə maraqlı olmayacaq. Məsələyə bu qədər "naz-qəmzə" ilə yanaşmaq olmaz. Bu məsələ öz həllini tapmalıdır.

- Sülh müqaviləsi əldə olunacağı təqdirdə Qarabağda hələ də qalmaqda olan terrorçuların silahı təhvil verib ərazini tərk etməsi nə dərəcədə real görünür?

- Sözsüz ki, şərtlər var. Bunu etməyəcəklərsə, onları ərazidən özümüz təmizləməli olacayıq. Bizə kim nə deyə bilər ki?.. Azərbaycan ərazisində başqa bir qrupa, ünsürə, dövlətə aid hansısa bir silahlı birləşmə, terrorçu olmamalıdır.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə səfəri hansı təxribatdan xəbər verir?

- Burada müəyyən missioner addımlar atılmalıdır. Oradakı qüvvələrlə danışıqları Ermənistan aparmalıdır. Çünki məsələnin bir tərəfi də Ermənistana aiddir. Əgər Ermənistan bu məsələni həll edə bilmirsə, o zaman proses daha da mürəkkəbləşəcək. Ona görə də bu, Ermənistanın daxili siyasətinə də təsir edəcək. Proses uzandıqca Ermənistanın içində daha çox məsələ ilə bağlı narazılıqlar artmağa başlayacaq. Burada Azərbaycanın da sərt mövqeyinin ortaya çıxacağını proqnozlaşdırırlar. Ona görə də Qarabağla olan intensiv əlaqələr Ermənistanın davranışlarına mane olan generallar və bir sıra hərbçilərin zərərsizləşdirilməsi də anlaşılan bir haldır. Onlar prosesə mane olaraq vaxt qazanmağa çalışacaqlar. Amma ölkənin avtoriteti bununla sıfıra enmiş olur. Çünki ölkə adından imzalanan sənədi icra etməyən bir dövlət kimi gündəmə gəlmiş olur.

- Bu halda Azərbaycanın davranışları necə olacaq?

- Sözsüz ki, Azərbaycan da bundan diplomatik müstəvidə faydalı şəkildə istifadə edə bilər. Azərbaycan öz öhdəliyini icra etdiyi halda Ermənistan bundan boyun qaçırmağa çalışırsa, buna qarşılıq zərbə olar bilər. Eyni zamanda istənilən prosesi öz istədiyimiz formada icra edə bilərik. Bununla da antiterror əməliyyatını tətbiq etmək üçün Azərbaycanın əlində hər cür əsas yaranmış olacaq. Biz sülhə dəvət etdik, qarşı tərəf buna adekvat olmayacaqsa, növbəti mərhələ döyüş olacaq. Bundan sonra görək onlar hansı formada duruş gətirə biləcək.

- Nikol Paşinyanın ilin sonuna kimi Azərbaycanla sülhün əldə ediləcəyi ilə bağlı açıqlaması var. Brüssel görüşündən sonra üç ziddiyyətli açıqlama verən bir dövlət başçısının son bəyanatına nə dərəcədə inandırıcı yanaşmaq olar?

- Onlar artıq dərk edir ki, bunu uzatmağın heç bir mənası yoxdur. Laçında da prosesi uzatmağa çalışdılar. Amma prosesi tez yekunlaşdırmağın yollarının olduğu da məlum oldu. Proses artıq başlayıb. Sadəcə olaraq müəyyən gecikmələr var. Olan problemlər hər kəsə bəllidir. Erməni tərəfindən bu dərk edilməlidir ki, gələcək üçün bu daha çox vacibdir.


Etiketlər:  Ermənistan buna mane olsa döyüş qaçılmazdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ