Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kartla ödəniş edən sərnişinləri aparmayan taksi sürücülərinin problemi nədir?

Kartla ödəniş edən sərnişinləri aparmayan taksi sürücülərinin problemi nədir?

Tarix: 6 Sentyabr 2022 22:56

Azərbaycanda taksi şirkətlərinin sayı gün-gündən artır.

Onların təqdim etdiyi xidmətlərin səviyyəsi də genişlənir. Lakin bir problem hələ də qalmaqdadır: əksər taksi sürücüləri hesabı kartla ödəyən sərnişinləri daşımaqdan imtina edirlər.

Buna səbəb olaraq müxtəlif problemlərlə qarşılaşdıqlarını bildirirlər. Ölkəmizdə nağdsız ödənişin səviyyəsinin artan dinamikası fonunda bu olduqca böyük problem kimi qalmaqdadır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, taksi operatorları ilə iki cür işləmək olur. Birincisi, taksi şirkətinin tətbiqini yükləyirsən və öz şəxsi maşınınla işləyirsən.

İkinci üsul isə sahibkarların çoxlu sayda avtomobil alıb həmin şirkətlə işləmək istəyən sürücülərə paylaması ilə mümkün olur. Öz maşını ilə işləyən sürücülər deyir ki, ümumiyyətlə, kartla ödəniş qəbul etmirlər.

Belə ki, onların əksəriyyətinin heç bir bank hesabı olmur. Hesab açmaq üçün onlara VÖEN-ə sahib olmaq, yəni vergi ödəyicisi kimi qeydiyyatdan keçmək lazımdır. O zaman həmin karta işlədikləri məbləğ köçür və onlar qazandıqları puldan vergi ödəməli olurlar.

Lakin sürücülər iddia edir ki, hesablarına qazandıqları pul çox gec köçür.

İkinci üsulla, yəni sahibkarlar vasitəsilə iş isə sürücü ilə sahibkar arasında olan müqavilə əsasında rəsmiləşir. Belə ki, müqaviləyə əsasən, onlar gündəlik 25 gediş həyata keçirməlidirlər.

Bunun müqabilində sahibkar tərəfindən sürücüyə günə 25-30 manat maaş ödənilir. Bu halda ödənişin kartla və ya nağd şəkildə hayata keçirilməsi sürücülər üçün heç bir fərqi olmur.

Adını açıqlanmasını istəməyən sürücülərdən biri ödənişi kartla edilməsini sərfəli olmadığını belə əsaslandırır: "Hesaba yığılan pulu həftədə bir dəfə almaq üçün vaxt təyin edib digər sürücülərlə şirkətə getməlisən. Həmin gün vaxtımızı itiririk, halbuki onun əvəzinə bir neçə sifariş yerinə yetirə bilərik".

Sürücü bildirib ki, şirkətdə çalışanların heç birinin bank kartı yoxdur: "Hər sürücünün öz kodu var. Kodla pulumuzu alırıq. VÖEN açdırsaq, həm də 20 % vergi ödəməliyik. Bu da bizə sərf etmir".

Beynəlxalq taksi şirkətlərindən birinin PR meneceri Viktoriya Prilutska məsələyə belə aydınlıq gətirib:

"Bizimlə əməkdaşlıq edən sürücülər platformamıza üzv olmazdan əvvəl qaydalar və şərtlərlə razılaşır. Sürücülər həftəlik ödənişləri almaq üçün VÖEN-ə bağlı bank hesabı məlumatlarını bizə təqdim etməlidir.

Sürücülər sərbəst əməkdaşlıq edə və ya sahibkarlarla işləyə bilər. Şirkət tərəfindən həm sürücülərin, həm də sahibkarların ödənişləri həftəlik olaraq düzgün şəkildə göndərilir.

Bəzi hallarda sürücülərin sahibkarlardan ödənişləri vaxtında ala bilmədikləri ilə bağlı müraciətlərlə rastlaşırıq. Əgər sürücülər öz hüquqlarını tələb etmək məqsədilə müvafiq qurumlara müraciət edərsə, biz onlara dəstək olmaq üçün əlimizdən gələni etməyə hazırıq".

Yəni, şirkət nümayəndəsinin sözündən belə aydın olur ki, problem şirkətdə və ya sürücüdə deyil, həmin sürücü ilə şirkət arasında körpü quran sahibkarlardadır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı açıqlamasında bildirib ki, hər hansı sürücü taksi operatoruna qoşulursa, avtomatik olaraq həmin şirkətin bütün şərtlərini qəbul edir:

"Həmin şərtlərin ən əsaslarından biri də qeyri-nağd şəkildə daşınmanın həyata keçirilməsidir. Yəni, müştərilər kartla ödəniş edə bilərlər. Sürücülər əvvəldən buna razılıq verirlər. Amma fəaliyyət dövründə deyirlər ki, bizə kart sərf etmir, oradan pul çıxartmaq olmur.

Əgər şirkət sürücünü aldadıb onun pulunu vermirsə və ya həmin müddəti uzadaraq müxtəlif problemlər yaradırsa, bu zaman sürücülər Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər".

Ekspert hesab edir ki, bu problemlə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etmək də olar:

"Taksi sürücüləri hər hansı problemlə bağlı BNA-ya müraciət etməlidirlər. BNA-nın əsas vəzifələrindən biri də taksi xidmətinin təşkili, keyfiyyəti, yüksək səviyyədə həyata keçirilməsidir.

Əgər sürücü kartdan pulu çıxara bilmirsə, BNA-ya müraciət etməlidir. BNA bu işlə məşğul olmalıdır. BNA həmin taksi operatorları ilə maraqlanmalıdır. Belə problemlərin aradan qaldırılması üçün BNA həmin taksi operatorları qarşısında tələb irəli sürməlidir".

Qeyd edək ki, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıyırsa, həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:

Sadələşdirilmiş vergi: 9x2 (əmsal) = 18 manat;

Sosial sığorta haqqı: 300x6% x2 (əmsal)/100% = 36 manat;

İcbari tibbi sığorta haqqı: 300x4%/100% = 12 manat.

Beləliklə, dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaq.

Fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə isə Vergi Məcəlləsinə görə "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.


Etiketlər:  Kartla ödəniş edən sərnişinləri aparmayan taksi sürücülərinin problemi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ