Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 12:16
Qobustan rayonunun Nabur kəndi istiqamətində qədim məzarlıq aşkar edilib. Tapıntı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Sonxeber.net bildirir ki, idarənin rəisi Sabit Qurbanov bu barədə Bizim.Media-ya açıqlama verib ki, Xilə məzarlığı adlanan ərazi yarım hektara yaxın sahəni əhatə edir.
Buradakı məzarlar sadə baş daşlarından, damğalı daşlardan, dekorativ sənət nümunələri olan və tarixi mədəni keçmişimizi xatırladan daş sənduqələrdən ibarətdir.
Bildirilib ki, Xilə məzarlığının orta əsrlərdən başlayaraq 19-cu əsrlərə qədər olan dövrə aid olduğu ehtimal edilir. Amma arxeoloq alimlərin araşdırmasından sonra dəqiq tarixi demək mümkün olar.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna rəsmi müraciət edəcək. Arxeoloqların bu qədim məzarlıqda geniş araşdırma aparmasına ehtiyac var.