Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2022 18:46
Tam bir ay əvvəl paytaxtın Xətai rayonunda bir xəbər çəkdik, efirə verdik. Xəbərin məzmunu ondan ibarət idi ki, yolun kənarını avtomobil təmiri sexləri zəbt etmişdilər, bu azmış kimi, yolun digər kənarına da köhnə avtomobilləri yığmışdılar. Nəticədə yol xeyli daralmışdı. Xəbəri çəkəndə bizə problemin ən qısa zamanda aradan qaldırılacağı bildirildi. Ancaq görünən odur ki heç nə dəyişmədi.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu, bir ay əvvəl çəkilmiş videogörüntüdür. Bu isə bu gün lentə alınıb.
Yəni üzərindən bir ay vaxt keçsə də, üstəlik, Xəzər Xəbər-ə problemin aradan qaldırılacağı bildirilsə də, vəziyyət dəyişməz olaraq qalıb.
Bu ərazinin ana yola çıxan əsas küçəsi avtomobil təmiri sexləri tərəfindən zəbt olunub, yol kənarına isə çox sayda köhnə avtomobillər yığılıb. Yolun hər iki tərəfinin zəbt olunması bu yoldan istifadə edənlərin işini çətinləşdirir.
Sakinlərin sözlərinə görə, vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, dərdlərinə çarə tapılmır.
Bakı şəhər baş dövlət yol polis idarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, ərazidə olan avtomobillər dövlət qeydiyyatından çıxarılmış maşınlardır. Onların ərazidən uzaqlaşdırılmasına gəlincə isə, bununla bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Xətai rayon icra hakimiyyətində isə bildirildi ki, vəziyyətlə bağlı ərazidəki sexlərin sahibləri ilə danışıqlar aparılıb və ərazinin təmizlənməsi üçün onlara 1 ay möhlət verilib. Əgər vaxt bitdikdə oradakı vəziyyət yenə dəyişməsə, o zaman qurum tərəfindən bütün maşınlar oradan toplanıb, aidiyyəti üzrə təhvil veriləcək.