Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtobus zolaqları effektiv olacaqmı? - “Bəzi avtomobillər də bu xətdən istifadə etməlidir”

Avtobus zolaqları effektiv olacaqmı? - “Bəzi avtomobillər də bu xətdən istifadə etməlidir”

Tarix: 26 Oktyabr 2022 12:32

Xəbər verdiyimiz kimi, paytaxtda hərəkətin sıx olduğu hissələrdən olan Gəncə prospekti-M.Hadi küçəsi-Q.Qarayev prospekti-Z.Bünyadov prospekti-Moskva prospekti-Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində avtobus zolağının tətbiqinə başlanılır.

Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, qeyd olunan küçə və prospektlərin hər biri ictimai nəqliyyat üçün əsas hərəkət dəhlizi hesab olunur: 

"Gündəlik olaraq bu dəhlizdən 70 müntəzəm marşrut xətti üzrə 1000-dən artıq avtobusla 830 min nəfərdən dən çox sərnişin daşınır.

Dəhliz boyunca avtobusların maneəsiz və rahat hərəkəti təmin ediləcəyi halda avtobusların orta istismar sürətinin pik saatlarda 10 km/saatdan 21 km/saata qalxacağı proqnozlaşdırılır. Sərnişinlərin səfər müddəti isə pik saatlarda 46 dəqiqədən 22 dəqiqəyə enəcəyi ehtimal edilir".

Bəs, bu cür avtobus zolaqlarının ayrılması avtobusdan istifadə edən vətəndaşlar üçün faydalı olacaqmı?

Milli.Az xəbər verir ki, sualı Bizim.media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Bakı şəhərində sərnişindaşımanın mövcud vəziyyətində avtobus zolaqlarının çəkilməsinə ehtiyac var:

"Çünki vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkirlər. Səhər saatlarında evdən-işə, axşam isə müvafiq olaraq əks istiqamətdə lazımi ünvana çatmaq çox çətindir. Dayanacaqlarda yüzlərlə, hətta minlərlə sərnişinlər qalır. Avtobus xətlərinin çəkilməsi az da olsa bu nəqliyyat vasitələrinin rahat hərəkətini təmin edəcək. Sadəcə olaraq, avtobus zolaqları elə çəkilməlidir ki, yollarda "butulka" effekti yaratmasın, sıxılığı daha da artırıb, tıxaclara səbəb olmasın. Bunların hamısının planlı şəkildə həyata keçirilməsinə təbii ki, ehtiyac var".

Ekspertin sözlərinə görə, avtobus zolaqlarından operativ nəqliyyat vasitələrinin, o cümlədən qeydiyyatdan keçmiş taksilərin də istifadə edə bilməsi daha məqsədəuyğun olardı:

"Məlumdur ki, hal-hazırda avtobuslar arasında interval böyükdür. Bir xətt üzrə marşruta buraxılan avtobusların sayı da olduqca azdır. Məsələn, ümumi çevrəsi 30-40 kilometr olan marşruta 10-12 avtobus buraxılır.
Halbuki bu say ən azı 30-a bərabər olmalıdır. Yəni, avtobus azlığı intervalın böyük olmasında özünü göstərir. Pik saatlar olmadığı vaxtlarda digər avtomobillərin də həmin zolaqdan istifadəsinə şərait yaradılmalıdır ki, sıxlıq olmasın".

Milli.Az


Etiketlər:  Avtobus zolaqları effektiv olacaqmı Bəzi avtomobillər bu xətdən istifadə etməlidir


RƏYLƏR