Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Leyla Bədirbəyli kinostudiyanın qapısındakı pişiklərə, itlərə yemək gətirirdi...”

“Leyla Bədirbəyli kinostudiyanın qapısındakı pişiklərə, itlərə yemək gətirirdi...”

Tarix: 29 Oktyabr 2022 18:30

"Bir çox tərəf müqabillərim haqq dünyasındadır, sağıma-soluma baxıram, onları görmürəm. O vaxt Ələsgər Ələkbərov dünyasını dəyişmişdi. Məmmədrza Şeyxzamanova sual verdim ki, bu teatrın axırı necə olacaq? Dedi ki, elə axırıdır da. Tofiq Kazımov rəhmətə gedəndə biz Səməndər Rzayevlə bir otaqda idik. Mənə baxıb dedi ki, Əzimov, teatr qurtardı. O dövrü yaşamışam. Teatr ölmədi, bağlanmadı. Su gələn arxa bir də gələr. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bəlkə də keçmişdə olan aktyorlarımızdan da yaxşıları meydana çıxacaq. Mən buna inanıram".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rafiq Əzimov deyib. O, daha sonra tərəf müqabili, böyük sənətkarımız Leyla Bədirbəylini xatırlayıb.

"Teatrımızda çox gözəl aktrisalarımız olub, onlardan biri də Leyla Bədirbəyli idi. Mən onun iştirakı ilə olan tamaşalarda rol almışam, qastrol səfərlərində olmuşam. Uşaqla uşaq idi, böyüklə böyük idi. Çantasında həmişə konfet, şirniyyat olardı. Hətta kinostudiyanın qapısında düşüb, itlərə, pişiklərə yemək gətirirdi. Bu qədər gözəl insan idi. Bir dəfə 8 mart qadınlar günü münasibəti ilə ondan müsahibə almalı idim. Bir dəstə çiçək alıb, evlərinə gəldim. Məni çox gözəl qarşıladı. İlk sualım bu oldu ki, "siz sənətdə kimə minnətdarsınız?". Yadımdadır, cavab vermişdi ki, Rza Təhmasib və Üzeyir Hacıbəyliyə. Çünki onu kino aləmi ilə rejissor Rza Təhmasib tanış etmişdi, Üzeyir Hacıbəyli isə "Arşın mal alan" filmində onu Gülçöhrə roluna dəvət etmişdi. Onun səhnədəki obrazlarında təravət, məhəbbət var idi" deyə aktyor bildirib.

Xalq artisti daha sonra ona qarşı edilən pisliklərdən danışıb.

"Haqsızlığa qarşı hər zaman çıxmışam. Bəzən adamın üzünə dayanırlar ki, bu elə deyil, belədir. Atam hər zaman deyirdi ki, bir adam sənə pislik edibsə, sən ona yaxşılıq et. Bu söz mənə heç çatmır. O mənə böyük pislik edib, mən ona necə yaxşılıq edə bilərəm? Teatrda intriqalar da olub, amma o bizim sənətimizə heç bir təsir etməyib. Müharibə başlayanda 3 yaşım var idi, o çətin, ac-yalavac günlərdən bu günə gəlib çıxmağın özü böyük bir hadisədir. Hər zaman çalışmışam ki, xalqımın yanında olum. Onların çox böyük dəstəyini görmüşəm" deyə sənətkar bildirib.


Etiketlər:  Leyla Bədirbəyli kinostudiyanın qapısındakı pişiklərə itlərə yemək gətirirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ