Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 14:21
Bakı. Elçin Mehdiyev – Trend:
Ermənilərin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorun sürücüsünü qətlə yetirməsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində danışıqları pozmaq üçün növbəti təxribatdır.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Ermənistan tərəfi daim bu cür təxribatlara əl atır: “Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları dünya siyasətçilərinin də qəzəbinə səbəb olur. Onlar da yaxşı başa düşürlər ki, bu kimi təxribatlar münaqişənin dinc yolla həllinə mənfi təsir göstərir. Ona görə də siyasətçilər də artıq Paşinyanın bu hərəkətlərinə qarşı çıxırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın sərsəm bəyanatları haqqında bildirib ki, Ermənistan tərəfi konkret olaraq danışıqlar prosesinə mənfi təsir göstərir. Bu, eyni zamanda Azərbaycan diplomatiyasının da uğurudur ki, artıq böyük dövlətlər Ermənistanın bu hərəkətlərinə qarşı çıxırlar. Bu, həmçinin Ermənistan tərəfinə bir mesajdır ki, gələcəkdə bu təxribatlardan əl çəksin”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın çox qüdrətli ordusu formalaşıb: “Əgər Ermənistan tərəfi təxribatlara yol verməkdə davam edəcəksə, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər zaman ölkəmizin işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində ciddi addımlar ata bilər”.
Xatırladaq ki, ötən gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin