Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 15:10
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) bugün (2022-ci il 7 noyabr) İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Oman İslam Respublikasının Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə iştirak edib.
Qurumdan verilən məlumata görə, Direktorlar Şurasına seçkilərdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov növbəti 2 illik müddətinə Direktorlar Şurasının üzvü seçilib.
Qurultayda Azərbaycanın ötən illər ərzində Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi , o cümlədən 2017-ci ildə OİC ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.
2013-cü ildən OIC-CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ, 2016-cı il Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində keçirilən OİC-CERT-in 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra OİC-CERT-in növbəti 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.