Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 15:02
21 noyabr 2022-ci ildə Respublikamızın tanınmış neftçi mütəxxəssisi, ölkədə şəxsiyyətinə dərin hörmət bəslənən Vətənpərvər insan Mirnağı Ağaseyid oğlu Kamilovun anadan olmasının 90 illik Yubileyi qeyd olunur.
Mirnağı müəllim tanınmış neftçi mütəxxəssis olmaqla bərabər müdrik və xeyrxah insandır. O, çoxlarına nümunə ola biləcək şərəfli ömür yolu keçərək, indi müdriklik yaşına çatmışdır.
Mirnağı Ağaseyid oğlu Kamilov 1932-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1950-1955-ci illərdə Azərbaycan Sənaye İnstitutunun qaz yataqlarının istismarı fakültəsində təhsil alaraq, oranı müvəffəqiyyətlə başa vurmuşdur.
1955-1958-ci illərdə Neft Daşları NQÇİ-də mədəndə operator, usta köməkçisi, 1958 -1961-ci illərdə ETİİ sexində mühəndis, lay təzyiqinin saxlanması sahəsində şöbə müdiri, 1961-1971-ci illərdə 2№-li mədəndə neft hasilatı üzrə usta, mədənin böyük mühəndisi, mədən müdiri, 1971-1975-ci illərdə NQÇİ-nin mərkəzi mühəndis texnoloji şöbənin rəisi, 1975-1978-ci illərdə Neft Daşları NQÇİ-nin rəis müavini, 1978-1980-ci illərdə əsaslı və yeraltı təmir sexinin rəisi vəzifələrində işləməklə gənclik ömrünün 25 ilini ağır dəniz şəraitində neft-qaz çıxarma sənayesinə həsr etmişdir.
O, 1980-1981-ci illərdə N.Nərimanov adına NQÇİ-nin rəis müavini, 1981-1987-ci illərdə "Azneft" İB-nin neft-qaz hasilatı şöbəsinin rəisi, 1987-1988-ci illərdə Bibiheybətneft NQÇİ-nin baş mühəndisi, 1988-1989-cu illərdə Şirvanneft NQÇİ-nin rəisi, 1989-2003-cü illərdə Azneft İB-də neft-qazın hasilatı, quyuların yeraltı və əsaslı təmir üzrə istehsalat şöbəsinin rəisi, 2003-cü ildən Neftqazelmitədqiqatlayih institunuda direktor müavini, 2007-ci ildən 2012-ci ilədək direktorun müşaviri vəzifələrində işləmişdir.
Mirnağı müəllim işlədiyi müddət ərzində özünü çox mübariz, cəsarətli, işgüzar, bilikli, nizam-intizamlı, öz üzərində daima çalışan təşkilatçı rəhbər kimi tanıtmışdır. Neft-qaz yataqlarının işlənməsində o, ən çətin məsələlərin həlli yollarını axtarıb tapan, işləyən quyularm istismarında çətinlikləri səmərəli təklifləri və yeni ixtiraları ilə aradan qaldıran savadlı mütəxəssis kimi göstərmişdir.
NQÇİ-lərdə neft və qaz hasilatının artırılması, mədənlərdə, xüsusilə quyularm təmiri sahəsində təkliflər vermiş, yeni texnika və mütərəqqi üsulların istehsalatda tətbiqinin bilavasitə təşəbbüskarı olmuşdur.
Mirnağı müəllimin həyatından olan maraqlı faktlardan birini qeyd edək. 1959-cu ilin sonlarında Neft Daşları NQÇİ-də topa qazma üsulundan geniş istifadə edilirdi. Hər meydançada 8-24 quyu qazılmağa başlanmışdı. Quyularm belə çox olması və meydançaların darlığı təmirçilərin işini çətinləşdirirdi. Həm də Neft Daşlarının şimal-şərq qanadında quyuların dərinliyi "Bakınes" qaldırıcı aqreqatı ilə işləməyi tələb edirdi. Bu şərait isə iri "Bakines" aqreqatının işləməyinə mane olurdu. Bu problemi həll etmək üçün Mirnağı müəllim hərəkət edən vışkanın layihəsini hazırlamış və onun tətbiqinə nail olmuşdu.
Mimağı Kamilovun dəniz neft yataqlarında quyuların qazılması və istismarı vaxtı neft itkilərinin qarşısının alınması, termokorund və "pobedit" ştuserlərin tətbiqi, quyudibi zonaların sement, taxta ovuntusu ilə bərkidilməsi, qaz-neft klapanlarının tətbiqi, qum tıxaclarının yuyulması üçün xüsusi ölçülü başlıqların tətbiqi və s. mühüm məsələlər üzrə elmi məqalələri dərc olunmuşdur.
Mirnağı müəllim müxtəlif tərkibli kimyəvi reagentlərin quyuya vurulmasını nizamlayan qurğu, ştanqlı nasos qurğusu, fasiləli qazlift qurğusu, sərbəst asqılı ikicərgəli lift qurğusu, erlift qurgusu, hidroimpuls qurgusu, lay sularının təcrid edilməsinin yeni üsulu, özül-plastik sistemlərin alışması üsulu, quyuların turşu ilə işlənməsi üçün qurğu, neftin demulsasiyası üçün yeni tərkib, qaz və qum separatorları barədə çoxsaylı patent və ixtiraların müəllifidir.
ADNA-da oxuduğu illərdə aldığı əsaslı təhsil, 25 il Neft Daşlarında, Azərbaycan Neft Sənayesi Dövlət Elmi Tədqiqat layihə institutunda qazandığı zəngin əməli, elmi-texniki təcrübə Mimağı müəllimə sahədəki problemlər haq-qında bir neçə faydalı elmi əsərin, xüsusən müəlliflərindən biri olduğu "Neft və qaz yataqları və texnoloji proseslər", "Neft quyularının ştanqlı nasoslarla istismarı" və "Ştanqlı quyu nasosunun qaz və qumun zərərli təsirindən qorunması" "Quyuların vintli nasoslarla istismarı", "Neft layı və quyuların hidrodinamiki tədqiqat üsulları " kitablarının yazılmasına əsas vermişdir.
Bu kitablarda neft-qaz yataqlarının işlənməsi, neft-qaz quyularının qazılması, istismarı, neft və qazın yığılması, hazırlanması, qızdırılması, saxlanması və nəqli, onların ölçülməsi və keyfiyyətinə nəzarət edilməsi, çirkab suların təmizlənməsi üsulları və qurğuları təhlil edilmiş və xarakteristikaları verilmişdir. Neft və qaz itkilərinin hesablanması, itkilərin azaldılması tədbirləri, dəniz neft-qaz qurğularına təsir edən qüvvələrin hesablanması və korroziyadan mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mübarizə tədbirləri şərh edilmişdir. Yerli və xarici ölkələrin neft-qaz qurğularının işinə müəlliflərin ixtiralarının laboratoriya və mədən sınaqlarının nəticələrinə geniş yer verilmiş, dəniz neft-qaz qurğuları və onların əsas xüsusiyyətləri, yerli və xarici dəniz neft- qaz qurğuları üzərində, platformalar, onların konstruksiyaları, üzən qazma qurğuları və dəniz neft-qaz qurğularına təsir edən qüvvələr kimi məsələlər şərh edilmişdir.
Burada neftin hazırlanması üsulları, neft emulsiyasının əmələ gəlməsi və onun davamlılığının təyin edilməsi, hazırlanmış neftin keyfiyyətinə müasir tələblər, neftin deemulsasiyası üçün kimyəvi reagentlər, texnoloji reqlament və qurğular, eləcə də dəniz şəraiti üçün vacib amillərdən olan neft-qaz qurğularının korroziyadan qorunması məsələsi də öz əksini tapmışdır. Digər kitablarda respublikamızın neft mədənlərində geniş istifadə olunan dərinlik nasos qurğularının istismar şəraiti təhlil edilmiş, ştanqlı nasos qurğularının avadanlığı onun tətbiq sahələri, əsas texniki göstəriciləri, mövcud konstruksiyalarının hazırlanması və texniki göstəriciləri haqqında məlumat verilmişdir. Göstərilmişdir ki, quyuların tədqiq edilməsi və ondan asılı olaraq quyu avadanlığının seçilməsi prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Həmçinin mayevurma rejiminin təyin edilməsi ətraflı işıqlandırılmış, dərinlik nasoslarının daşınması və qorunması, avadanlığın quraşdırılması məsələsi üzərində dayanılmış, onların işinə nəzarət və mayevurma rejiminin optimallaşması məsələsinə geniş yer verilmiş və nasosun işinin keyfiyyət göstəriciləri təhlil edilmişdir. Mürəkkəb istismar şəraitində işləyən nasos qurğularının iş göstəricilərinin yaxınlaşdırılması tədbirlərindən istifadə edilmiş, avadanlığın təkrar istifadəsi və təmiri məsələsinə ştanqlı nasosun iş qabiliyyəti və hidravlikası sahəsi, plunjer-silindr cütlüyünün ilkin araboşluqlarında və müxtəlif təmas uzunluqlarında nasosun işi tədqiq edilmişdir. Həmçinin klapan konstruksiyalarının və onlarda yaranan hidravlik müqavimətlər tədqiq və təhlil edilmiş, nasosun etibarlılığı, istismar amillərinin onun iş göstəricilərinə təsirinin keyfiyyət və kəmiyyətinin qiymətləndirilməsi məsələləri də ətraflı şərh olunmuş, eləcə də dəniz şəraiti üçün vacib amillərdən olan neft-qaz qurğularının korroziyadan qorunması məsələsi də öz əksini tapmışdır.
Göründüyü kimi, Mirnağı müəllim yüksək səviyyəli, dərin biliyə malik və istehsalatın nəbzini tutmağı bacaran bir mütəxəssis kimi özünü göstərə bilmişdir. Məhz bu xüsusiyyətlərinə görə "Azneft" İstehsalat Birliyinin rəhbərliyi 1980-ci ildə Mirnağı müəllimi birliyin neft və qaz hasilatı şöbəsinin rəisi vəzifəsinə irəli çəkmişdi. Mirrnağı Kamilov sonralar "Bibiheybətneft" NQÇİ-nin baş mühəndisi "Şirvanneft" NQÇİ-nin rəisi, "Azneft" İB-nin neft və qaz hasilatı üzrə istehsalat şöbəsinin rəisi vəzifəsində əzmkarlıqla işləmişdir. Mirnağı müəllim neftçiyə xas olan bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirmişdir. O, gözəl mütəxəssis, yaradıcı mühəndis, yüksək səviyyəli rəhbər olub, işlədiyi müddətdə ona göstərilən etimadı doğruldan bir şəxsiyyət kimi yetişmişdir.
Hələ Sovetlər dövründə Rumıniya, ABŞ, Fransa, Türkiyə və başqa xarici ölkələrdə xidməti ezamiyyətdə olmuş Mirnağı müəllim 8 monoqrafiyanın, 21 ixtira, 16 patent, 87-dan artıq elmi məqalənin müəllifidir. Bu ixtiraların istehsalatda tətbiqi sayəsində milyon manatlarla dövlət vəsaitinə qənaət olun-muş və iqtisadi səmərə alınmışdır.
Mirnağı Kamilov əməkdə qazandığı uğurlara, nailiyyətlərə görə dəfələrlə dövlət tərəfindən bir çox fəxri adlar və ordenlərlə təltif edilmişdir. O, "Azərbaycanın Neft ustası", "Azərbaycanın Əməkdar mühəndisi", Keçmiş SSRİ-nin "Neft sənayesi əlaçısı", "Akademik Qubkin adına mükafat laureatı", Lenin və "Qırmızı Əmək Bayrağı" ordenlərinə və Ekologiya akademiyasının elmlər doktoru fəxri adına layiq görülmüşdür. Uzun müddətli səmərəli fəaliyyətinin məntiqi nəticəsidir ki, çoxlu sayda fəxri fərmanlar və digər mötəbər mükafatlarla yanaşı Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyevin imzaladığı sərəncamla Prezident Təqaüdü ilə mükafatlandırılmışdır.
Bütün bunlar Mirnağı Kamilovun Azərbaycanın tərəqqisi naminə gördüyü işlərə, onun rəşadətli əməyinə verilmiş ən müqqədəs mükafat və yüksək qiymətdir.
Mirnağı müəllim Respublikamızın neft-qaz sənayesinin inkişafında müstəsna rol oynayan əzmkar neftçi, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də gözəl ailə başçısı, səmimi insandır.
Mirnağı Kamilov olduqca şərəfli, nəsillərə örnək olan bir ömür yolu keçmişdir. Onunla fəxr edənlər, həm də tükənməz qürur hissi keçirənlər, uzun illərdir eyni sahədə - Neft-qaz sənayesində çalışan həmkar yoldaşlarıdır. Mirnağı müəllim hər zaman çətinliklərin üzərinə mərdliklə yeriyən, əqidəsinə, prinsiplərinə, vətəninə, dövlətçiliyə sədaqətlə xidmət etmək iqtidarında olan işıqlı bir şəxsiyyət, qayğıkeş rəhbərdir. Onun yaşadığı şərəfli həyat yolu dövlətə və xalqa xidmət yolu olmuşdur.
Mirnağı Kamilovun ən böyük mükafatı onun çoxsaylı tələbələrinin, uzun illər işlədiyi kollektivinin, gözəl ailəsinin, ömür-gün yoldaşı olan və həmişə ona dəstək olan həyat yoldaşı Tamilla xanımın, dəyərli qızının və mehriban nəvələrinin ona olan böyük məhəbbəti və dərin hörmətidir.
Mirnağı Kamilovu 90 illik şanlı Yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona can sağlığı uzun və sağlam ömür, xoşbəxt həyat arzu edirik.