Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 07:16
Ermənistan və Azərbaycan arasında konfliktin həlli üçün bütün güc sərf edilməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko KTMT-nin İrəvanda keçirilən bugünkü sammitində deyib.
"Bu barədə dəfələrlə demişik ki, onlar (Qərb nəzərdə tutulur - red.) bizim ölkələrimiz daxilində - Rusiya Federasiyasının perimetri boyu cəmiyyətləri silkələməyə çalışırlar. Əvvəlcə Ukrayna alovlandı, 2020-ci ildə Belarusu məhv etməyə çalışdılar. Biz bunu yaşadıq - belaruslar. Bu ilin yanvarında - Qazaxıstan - yaxşı ki, Qazaxıstan rəhbərliyi orada bu münaqişənin öhdəsindən gəldi; Ermənistanla Azərbaycan arasında münaqişə...
Mən Kollektiv Təhlükısizlik Şurasının 28 oktyabrda keçirilən növbədənkənar sessiyasındakı sözlərimi təkrar edirəm ki, iki qonşu və bizə dost ölkələr arasında konflikt sülhlə həll olunmalıdır. Düşünürəm ki, hamının fikrini ifadə edirəm", - Lukaşenko vurğulayıb.
O bildirib ki, biz tərəf deyilik:
"Nikol Vovayeviç (Paşinyan) deyir ki, KTMT Azərbaycanı aqressiyadan çəkindirə bilmədi - biz belə deyilik. Kimisə saxlamaq bizim işimiz deyil. Amma fakta reaksiya verməliyik və biz reaksiya verməyə hazırıq".
Lukaşenko hazırda Rusiyanın bu məsələ ilə bağlı Ermənistan və Azərbaycanın razılığı ilə vasitəçilik etdiyini bildirib:
"Gəlin, bu istiqamətdə irəliləyək. Gəlin razılaşaq, gəlin hər şey edək ki, orda adamlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnuniyyətlə qarşılanacaq.
Bəli, Nikol Vovayeviç, nüanslar var. Ola bilsin ki, ciddidir. Amma biz indi yenidən alovlana biləcək bu münaqişəni əsaslı şəkildə həll edə bilərik. Təbii ki, ilk növbədə Ermənistanın istəyi ilə. Və əlbəttə ki, həm də Azərbaycanın. Yeri gəlmişkən, mən bu barədə danışacağam. Bu, Belarusun prioritetlərindən bididir. Biz buna gözümüzü bağlaya bilmərik. Biz bu problemi həll edə bilərik, ya yox - ancaq KTMT-nin diqqət mərkəzində olmalıdır".
Belarus lideri bir daha bildirib ki, konflikt iki qonşu və bizə çox yaxın, dost ölkə arasındadır:
"Ermənilər bizim üçün yad deyil, biz onları dəstəkləmək istəyirik. Ancaq bir məsələni başa düşmürəm, bəlkə, kimsə izah edə bilər: niyə burda, artıq vasitəçi kimi işə qarışan Rusiyadan başqa Avropa Birliyi və ATƏT olmalıdır? Ona görə ki, müttəfiqlər arasına nifaq salsınlar? Tarixən məhz bu cür olub; bilirik onların vasitəçiliyi nəyə gətirib çıxarır. Sadəcə konflikt uzun illər dondurulacaq. Onlara bizim regionda stabillik lazım deyil. Onlara idarə olunan xaos lazımdır".
Lukaşenko daha sonra Tacikistan və Qırğızıstan sərhədindəki münaqişəyə toxunub və KTMT-nin vəzifəsinin bunları həllində yardım etmək olduğunu bildirib.