Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 18:15
Bakı. Samir Əli - Trend:
Prezidentin təqdimatı əsasında Azərbaycan Baş Nazirinin dəyişdirilməsi konstitusiyaya tam uyğun legitim proses olmaqla, bir neçə nöqteyi-nəzərdən diqqət cəlb edən hadisədir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, 2018-ci ildə yeni konstitusiyaya uyğun olaraq 7 illik dövr üçün keçirilən ilk Prezident seçkilərindən dərhal sonra başlanmış kadr dəyişikliklərinin mövcud obyektiv proseslərə uyğun, sistemli şəkildə davam etdirildiyini görürük:
"Xüsusilə, son iki ildə ölkədə Prezidentin konseptual siyasəti əsasında aparılan struktur, iqtisadi və sosial islahatlar dövlət elitasının iri və orta kadrlar korpusunda ardıcıl dəyişikliklərlə tamamlanır və müşayiət olunur. Məlumdur ki, Baş Nazir konstitusiyaya uyğun olaraq sosial-iqtisadi sferanı əhatə edən mühüm səlahiyyətlərə malik yüksək vəzifəli şəxsdir və hazırda Baş Nazir dəyişikliyinə ilk növbədə cənab Prezidentin ölkədə apardığı hərtərəfli islahatların tərkib hissəsi kimi baxmaq lazımdır. Baş Nazirin dəyişdirilməsinin mövcud hərtərəfli islahatlar kontekstində proseslərin sürətini, məzmun və səmərəsini artıracağı ən aktual və real gözləntilərdən biridir. Açıq deyilməlidir ki, ranqından asılı olmayaraq, Prezidentin həyata keçirdiyi kadr dəyişiklikləri, əsasən, qarşıya qoyulan vəzifələrin nə dərəcədə layiqli yerinə yetirilmısi kimi bir ölçü kriteriyasına söykənir. Zaman bütün sahələrdə Azərbaycanın qarşısına yeni vəzifə və problemlər çıxardığı üçün bütün kadrların maksimum töhfə ilə işləməsinə nail olmaq çox ciddi dövlətçilik əhəmiyyətinə malik problemdir. Aydın məsələdir ki, maksimum töhfələr vermək prinsipinə uyğunlaşa bilməyən kadrlar həm prezidentin etimadını doğrulda bilmir, həm də iqtisadi, sosial, mədəniyyət, biznes, investisiya, ixrac və digər sahələrdə onlara ayrılmış səlahiyyətlərin icrasında ləngimələr, yerində saymalar, hətta tənəzzül əlatləri özünü göstərməyə başlayır".
A.Quliyev vurğulayıb ki, Prezidentin hərtərəfli sosial-iqtisadi islahatlar siyasətinin daha böyük nəticələr verməsində Nazirlər Kabinetinin bir struktur olaraq potensiallarının tam şəkildə hərəkətə gətirilməsi böyük rola malikdir. Prezidentin Baş Nazirin dəyişdirilməsinə yönəlik qərarı ölkədə islahatlar prosesinə keyfiyyətcə yeni məzmun və sürət vermək məqsədindən irəli gələn obyektiv xarakterlidir".
Ekspert qeyd edib ki, fasiləsiz olaraq aparılan islahatlar prosesində Nazirlər Kabinetinin bir institut kimi çəkisinin və fəallığının artırılması hazırkı islahatın ciddi hədəflərindən biridir: "Prezidentin son dəyişiklik qərarı işinin öhdəsindən layiqli gələ bilməyən, xüsusilə iri məmurlara qəti xəbərdarlıq nümunəsi kimi də təqdirəlayiqdir. Bu kontekstdə kadr dəyişikliklərinin davam etdiriləcəyi obyektiv bir proses kimi görünür. Eyni zamanda, Əli Əsədova göstərilən etimad Prezidentin kadrlar siyasətində peşəkarlıq, ardıcıllıq, dövlətçiliyə bağlılıq və rəsmi dövlət kursuna yüksək bələdçiliyin əsas götürüldüyünü bir daha ortaya qoyur. Bu hadisənin bütünlüklə məmur korpusunda iş və fəaliyyət əmsalını daha da artırmaq istiqamətində ümumi fəallığa müstəsna təsir göstərəcəyi şübhəsizdir.
Yeni Baş Nazir təyinatı sosial-iqtisadi proses və islahatlar fonunda öz üzərinə hökumət səlahiyyətlərinə uyğun əsl məsuliyyətləri də götürməyi bacaran tam işlək Kabinetin formalaşması üçün də əhəmiyyətli perspektivlər açır.
Prezident Əliyevin kadr islahatlarının xarakterik xüsusiyyətlərindən biri də sosial sifarişi və ictimai zövqləri mümkün qədər nəzərə almaq istəyi ilə bağlıdır. Bu, özünü indiyə qədərki bir sıra mərhələlərdə aydın göstərib. Şübhə yoxdur ki, Prezidentin kadr dəyişikliklərini islahatlar prosesinin tələb və tempinə tam uyğunlaşdırmaq konsepsiyası bütün hallarda müsbət nəticələnir və nəticələnəcək".
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Novruz Məmmədovun Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin