Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin ən səs-küylü şou hadisələri: Dava-dalaşlar, evlənib-boşananlar... - FOTO

İlin ən səs-küylü şou hadisələri: Dava-dalaşlar, evlənib-boşananlar... - FOTO

Tarix: 13 Dekabr 2022 12:45

Hər il olduğu kimi bu pələng ilində də şou əhli dinc oturmadılar. Kimi ailə qurmaq üçün toy etməyə tələsdi, kimi hər şeyin üstündən xətt çəkib boşanmağa imza atdı, kimi də "qılıncını sıyırıb" davaya çıxdı.

Sonxeber.net bizim.media-ya istinadən ilin ən səs-küylü şou-biznes hadisələrini təqdim edir:

Bu gözlənilməz eyni zamanda dəhşətli hadisə həm cəmiyyəti, həm də şou-biznesi çalxaladı. Söhbət meyxanaçı Rəşad Dağlının törətdiyi cinayyətdən gedir. Belə ki, söz xiridarının noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi həftələrlə müzakirə olundu. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.

Son günlər "ağızlarda saqqız" və sosial şəbəkədə geniş müzakirə olunan hadisə  Xəzər televiziyasında efirində yayımlanan "Təsir dairəsi" verilişində yaşandı.

Belə ki, vəkillər kollegiyasının həqiqi üzvü və bir çox ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edən vəkil Şəfiqə Nağıyeva ilə şair və jurnalist Anar Vəziroğlu arasında qalmaqal yaşandı. Proqramın canlı efirində şair əsəbləşərək vəkilin üzərinə su atıb, onu nalayiq ifadələrlə təhqir etdi. Bu olay isə cəmiyyətdə birmənalı qarşılanmadı. Hər iki tərəf qınaqlara tuş gəldi.

Aktrisa Nəzakət Məmmədovanın "Ümid ilə gəl" ictimai-sosial proqramda "Həyat yoldaşım evimin içində qardaşımın arvadı ilə mənə xəyanət etdi" açıqlaması təkcə şou-biznesdə deyil, həm də cəmiyyətə 12 ballıq zəlzələ effekti yaratdı. Nəzakətin acı dolu bu etirafına aparıcı Rövşanə Ağasəfqızı və müğənnilər Roza Zərgərli ilə Cəmilə İsgəndərova qarşı çıxıb, onu efirdə linç etdilər.

Şou-biznesin toz basmış arxiv qalmaqalını silib-süpürüb, gün üzünə çıxaran isə dünyaca məşhur stilist Anar Ağakişiyev oldu. Anar bir müddət əvvəl ATV-nin məşhur aparıcısı Nanə Ağamalıyeva ilə yaşadığı davanı ellə bir etdi. Ağakişiyev Ağamalıyevanın paxırlarını "Astar TV"də açdı. Stilist ""Nanə zövqsüzlüyün pik həddidir. Bildiyiniz "bozbaşxana" və "palatka toyu"dur", "Nanə özünü elə aparır ki, sanki ATV kanalının rəhbəridir", "O mənim üçün saatlı təhlükəli bombadır. Əlimdə olsa, onu efirdən yığışdırardım"" sözləri ilə aparıcının bostanını daş qalaq etdi. Bu açıqlamaları ilə isə Anar gündəmi alt-üst etdi.
 
Bəlkə də heç kim onların nə zamansa dalaşacaqlarına inanmazdı. Amma sən saydığını say, gör fələk nə sayır. Belə ki, "Səhərin səsi" verilişində qonaq olan müğənnilər Sabir Əliyev ilə Elvin Mirzəzadə arasında gözlənilmədən münaqişə yaşandı. Elvin proqramda ifa etdiyi mahnıda "Qaytağı ritmlərinin" olduğunu söyləyib.

Bu cavabla razılaşmayan Sabir "Ləzginka ritmidir" deyərək, yanan ocağın üstünə benzin səpdi. Nəticədə Elvin ayağa qalxaraq, studiyanı tərk etdi. Elvin kadr arxası mikrofonu üzərindən çıxartdığı zaman söylədiyi, lakin efirə yayımlanmayan sözlərdən əsəbiləşən Sabir "ağıllı ol" deyərək Mirzəzadəyə səsləndi.

Bununla da hirsi soyumayan S.Əliyev studiyadanı tərk edərək Elvinin üstünə getdi. Onların davası hətta studiyadan kənarda kanalın binasında belə davam etdi.
 
Bu il şou-biznes ana mülkü üstündə davaya çıxan bacı-qardaşa da şahidlik etdi. Söhbət aktrisa Sonaxanım Əliyeva və qardaşı Rüfət bəydən gedir. İkili "Təsir dairəsi" ictimai-sosial verilişində üz-üzə gələrək, vəfat edən anaları Minaxanımın "Xırdalan" şəhərində yerləşən üç otaqlı həyət evini aralarında bölüşdürə bilmədilər.

Tərəflər analarının dünyasını dəyişməzdən əvvəl evi həm qızına, həm də qardaşına miras qoyduğunu dedilər. Hətta əllərində olan miras sənədini canlı efirdə nümayiş etdilər. Soxanım dedi ki, ev mənimdir, Rüfət bəy də mülkün ona bağışlandığını söylədi. Əsəblər gərildi və onlar arasında mübahisə yarandı. İş o yerə çatdı ki, qardaş bacısını anasının ölümündə ittiham etdi.
 
Şou-biznesi biri-birinə qatan daha bir qalmaqalın təməlini isə aktyor və aparıcı Sərxan Kərəmoğlu qoydu. Belə ki, Sərxanın "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın yalançı olduğunu deməsi qarşı tərəfi hiddətləndirdi.
Sərxan sosial şəbəkə hesabında müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovun ona "Whatsapp" vasitəsi ilə göndərdiyi hədə-qorxu, təhqir və qeyri-etik dolu səs yazılarını paylaşdı. Kərəmoğlunun bu hərəkəti İsmayılovanı cin atına mindirdi.
Əsəblərinə hakim kəsilə bilməyən Rəqsanə Sərxana təhdid dolu səsli mesajlar göndərdi. Həmin mesajları Kərəmoğlu "Instagram"da yayımlayaraq, savaşın pik həddə çatdığını elan etdi.

İndidə keçək subaylığın daşını atıb evlənib, sonra isə qalmaqallı şəkildə boşanan məşurların yanına.

İlin ən səs-küylü boşanması müğənni Mina Hüseyninki oldu, desək heç də yanılmarıq. Martda nikah masasına oturduğunu açıqlayan ifaçı gözlənilmədən sənətdən getdiyini də aləmə car çəkdi. Hətta Hüseynli ailə qurduqdan sonra sosial şəbəkə hesabında olan bütün foto və videolarını sildi. Çoxları müğənninin xoşbəxt və bəxtəvər evlilik həyatı yaşadığını düşünsə də, Minanın evliliyi uzun çəkmədi. Mina ərə getdiyi Sərxan adlı şəxsin ona yalanlar danışdığını, təzyiqlər göstərdiyini söyləyərək, ondan boşandığını açıqladı. Sənətçi bu açıqlamaları ilə tək şəxsi həyatını deyil, eyni zaman gündəmi alt-üst etdi.

Ötən il evlənən aparıcı Şəhriyar Əbilov və aktrisa Oksana Rəsulova cütlüyünün evlilik həyatı cəmi bir müddət çəkdi. Belə ki, Rəsulova Əbilovla sosial şəbəkə hesabında nikahlarına son qoyduğunu etiraf etdi. Cütlüyün Osman adlı oğlan övladı var.

Əməkdar artist Nigar Şabanovanın da evlilik həyatı qalmaqallarla yadda qaldı. Hərbçi həyat yoldaşı Xəyyam Qaragözovla tez-tez küsüb, barışan Nigar verilişlərin birində boşandığını etiraf etdi. Xanəndə açıqlamasında, həyat yoldaşının ona təzyiq göstərdiyini, xəyanət etdiyini bildirdi.

İlin ən səs-küylü və müzakirə olunan toyu isə Rəqsanə İsmayılovanın evində yaşandı. Sənətçinin müğənni qızı Aysun Eşqin Cəlilov adlı bəylə avqusta açıq havada məclis qurdu. Toyda əsl "çal-çağır" yaşansa da, lakin məclisdən bir müddət sonra yayılan ayrılıq xəbərləri gündəmi alt-üst etdi. Hər kəs bir ağızdan Aysun ilə Eşqinin boşandığını iddia etdi.

Söz-söhbətin böyüdünü görən Aysun "Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş. Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir.

Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım" açıqlaması ilə uzun sürən sükütu pozdu.

Daha bir "Vur çatlasın, çal oynasın" məclisi isə bir neçə gün əvvəl müğənni Xatun Əliyevanın evində yaşandı. Aylin adlı xanımla evlənən sənətçinin oğlu Adilin toyuna şou əhli axın etdi. Xatunun övladının toyuna Xalq artisti Aygün Kazımovanın gəlişi isə iki qat bayrama və gecəyə damğasını vurdu.

Ümüd edək ki 2023-cü il şou əhli üçün daha düşərli və uğurlu olacaq. Yeni mahnılar, duetlər, konsertlər, evliliklər çox, dava-dalaşlar və boşanma qalmaqalları daha az olacaq. Amma bunu təbii ki, zaman göstərəcək.


Etiketlər:  İlin səs küylü şou hadisələri Dava dalaşlar evlənib boşananlar FOTO


RƏYLƏR