Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 18:28
Milli Məclisin dekabrın 20-də keçirilən plenar iclasında məişət zorakılığı hallarının artması ilə bağlı müzakirələr aparılıb.
Millət vəkili Fazil Mustafa çıxışı zamanı bu tip xoşagəlməz halların artmasının əsas səbəblərindən biri kimi mentalitetimizi və ailə dəyərlərimizi ön plana çıxarıb.
Mövzu ilə bağlı bizim.media-ya açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, bəzi mental dəyərlərimiz həqiqətən də ailələrdə problemlərin yaranmasına səbəb olur:
"Adətən, kişilər bu mental dəyərlərlə üzdə razılaşsalar da, əslində onlar da fərqli düşünürlər. Məsələn, bir zamanlar şalvar geyinən qadına pis baxırdılar. Bizim mental dəyərlərimizdə qadının şalvar geyinməsinə ayıb kimi baxır, qınayırdılar. İndi isə bu adiləşib.
Digər tərəfdən, hal-hazırda da çox qısa, açıq-saçım geyinməyə əksəriyyət yaxşı baxmır, həyat yoldaşlarının o cür geyimlərdən istifadə etməsinə qarşı çıxırlar. Amma eyni zamanda bir çoxlar bu cür geyinən qadınlarla sevgili olur, onları daha cazibədar hesab edirlər. Yəni, mental dəyərləri biz artıq yalnız üzdə saxlayır, əslində onlara əməl etmirik".
Psixoloq mövzu ilə bağlı bir çox fikirlərinin millət vəkili ilə üst-üstə düşdüyünü də bildirib:
"Məsələn, ailənin bir yerdə yaşaması məsələsi. Valideynlər övladlarının evləndikdən sonra da onlarla birgə yaşamasını istəyirlər. Amma bu da ailə problemlərini meydana çıxarır. Eyni zamanda qadının işləməsinə də bir çox hallarda maneələr törədilir.
Qadın işləmək istəyir işləsin, saçını boyamaq istəyir, boyasın. Bu gün Avropaya inteqrasiyadan danışılır. Biz Avropada yaşasaq da, fikirlərimiz hələ Cəlil Məmmədquluzadənin dediyi kimi, cahillikdən çıxa bilmirlər. Deyirlər ki, "geyim əxlaqın göstəricisidir". Bəzi hallarda bəli, bu belədir. Amma insanı çadraya salmaqla onun əxlaqlı olduğunu demək də doğru deyil".
Gülnar Orucova məşiət zorakılığının əsas səbəbinin qadın hüquqlarının pozulması olduğunu vurğulayıb:
"Qadına istədiyi azadlığı (yəni, istəmədiyini etməmək) vermək lazımdır. Söhbət sərbəstlikdən (yəni, hər isədiyini etməkdən) getmir. Qadın da bu azadlıqdan sui-istifadə etməməlidir. Amma sırf məişət problemlərinin kökünə nəzər salsaq, daha çox qayınana-gəlin münasibətləri və zərərli vərdişlərə aludəçilik ön plana çıxır.
Təbii ki, kişi zərərli vərdişlərə aludə olanda, qadın buna etiraz edəcək və zorakılıqla üzləşəcək. Çünki bu cür şəxslər cavabı aqressiya ilə verirlər.
Digər tərəfdən, sosial şəbəkələrdə gördüklərimizi gətirib, həyatımızda tətbiq etməyə başladıqda da problemlər yaranır. Digərləri ilə ayaqlaşmaq istəyi də məişət zorakılığı hallarının meydana çıxmasına səbəb ola bilir".