Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İnanıram ki, ata olandan sonra bu baş verəcək"

Tarix: 22 Dekabr 2022 20:45

Milli.Az xəbər verir ki, Rus Dram Teatrının aktyoru İbrahim Çingiz moderator.az-ın suallarını cavablandırıb.
 
- İbrahim, hər zaman seriallarda baş rollarda çəkilmisiniz. Hal-hazırda isə heç bir ekran işində rol almırsınız. Serialsız həyatınız necə gedir?
 
- Bəli, doğru qeyd etdiniz, hazırda heç bir serialda çəkilmirəm. Amma təkliflər var. Düşünürəm ki, yeni ildən çəkilməyə başlayacam. Serialsız həyat deməzdim, bu sadəcə müvəqqəti ayrılıqdır. Əslində zaman qazandım və bəzi məsələlərdə götür-qoy etdim ki, bundan sonra yolumu necə davam etdirəcəyəm?! Bu da mənə lazım idi.
 
-İbrahim, bilirəm ki, teatrı çox sevirsiniz. Teatrdan aldığınız zövqü başqa nədən ala bilirsiniz?
 
-Bəli, teatrı çox sevirəm. Ondan sonra zövq aldığım ikinci əyləncə fitnesdir. Həftənin 3 gününü idman zalında keçirirəm. Bu artıq 13 ildir ki, belə davam edir. İdman etmədiyim gün normal həyat yaşamadığımı düşünürəm. Amma idmana getdiyim vaxt isə özümü rahat hiss edirəm. Fitnes barəsində bir çox məlumatlara sahibəm. İstər məşq, istərsə də qidalanma haqqında hər şeyi bilirəm. Bəzən idman məşqçilərində elə səhvlər görürəm, öz-özümə deyirəm ki, bunlar niyə bu sahə ilə dərindən maraqlanmırlar?! Futboldan da zövq alıram. Hamı bilir ki, mən ağ-qara futbol klublarının-Neftçi, Beşiktaş və Yuventusun fanatıyam. Bu komandaların oyunlarını qətiyyən qaçırmıram. Neftçinin oyunlarında mütləq stadiona yollanıram. Ümumiyyətlə maraqlı futbolu hər zaman ekranın qarşısından izləyirəm.
 
-Azərbaycan teatr və kinosunda özünüzə kumir seçdiyiniz sənətkarlar var?
 
-Teatr səhnəsində sözsüz ki, mənim üçün etalon Fuad Poladovdur. Hər bir cəhətdən-insani keyfiyyətlərdən tutmuş, səhnə bacarığına qədər o mənim üçün çox böyük sənətkar idi. Kino sahəsində isə kumirim Fəxrəddin Manafovdur. Onun bütün rollarından zövq almışam.
 
-Adlarını çəkdiyiniz sənətkarlarla bir səhnəyə çıxmısınızmı?
 
-Elçin Əfəndiyevin "Billur sarayda" əsərinin tamasında Fuad Poladovla tərəf müqabili olmuşam. Bu mənim üçün heç vaxt unuda bilməyəcəyim, möhtəşəm bir hiss idi. Bu təsadüfən olmuşdu. Əslində onunla başqa bir aktyor yoldaşım tərəf müqabili olmalı idi. Sadəcə olaraq onda alınmadı. Məni tamaşaya "vod" etdilər. Hətta tamaşanın məşqlərində də cani-könüldən iştirak edirdi. Fəxrəddin Manafovla da birlikdə tamaşada rol almışam.
 
-İbrahim, film və kino rejissorlarında nə çatışmır?
 
-Çox şey çatışmır, hansını deyim?! Elə rejissor var ki, onun maliyyəsi yoxdur, istədiyi aktyorlarla birlikdə çalışa bilmir. Elə bir vəziyyət də yaranır ki, prodüsser filmin və yaxud serialın büdcəsini yeyir, yenə də keyfiyyət kənara atılıb qalır. Elə peşəkar rejissor var ki, ona işləmək üçün pul çatmır. Elə qeyri-peşəkar rejissor da var ki, pulu çoxdur, yeyib dağıdır. Yaxud elə rejissor da var ki, yalnız dostlarını yığıb serial və yaxud film çəkir, eyni simalar da artıq heç kəsə maraqlı olmur.
 
-Hami bilir ki, siz bizim gözəl, sevimli sənətkarımız Çingiz Əhmədovun övladısınız. Atanız işlərinizə qarışır?
 
-Sözsüz ki, atam mənim hansısa işlərimdə öz fikrini bildirib, iştirak edir. Ümumiyyətlə bizim həyata baxışımız fərqlidir. Ona görə də atam çalışır ki, bir çox mövzularda mənə təzyiq göstərməsin. Həmçinin mən də çalışıram ki, onunla razı olmadığım halda mübarizə etməyim. Çünki aramızda hər zaman pərdə olub. Çalışmışıq ki, bir-birimizə dost münasibəti göstərək.
 
-Siz də ata olmağa hazırlaşırsınız. Sizcə ata olmaq həyatınızda nələri dəyişəcək?
 
-Bəli, övladımıza ad da fikirləşmişik. Deyirlər ki, ata olmaq insanın həyatında çox şeyi dəyişir. Mən də ümid edirəm ki, bu baş verəcək və tamam fərqli bir həyatımız başlayacaq.

Milli.Az


Etiketlər:  İnanıram ki ata olandan sonra bu baş verəcək


RƏYLƏR