Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2023 12:55
Getdi. Daha bir əfsanə haqq dünyasına qovuşdu. Yaxşı insanlar bu dünyadan sevgidən başqa özüylə heç nə aparmayıb. Amma o daha çox sevgi apardı. Çünki o çox yaxşı insan idi...
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Maqadandan Kalininqrada, Şimal Buzlu okeanından Qaraqum səhrasına qədər uzanan və dünyanın altıda birini tutan SSRİ adlı ölkədə onu tanımayan yox idi. Bir "Mimino" nəyə desən dəyərdi. Hə, 70 milyon sovet insanı baxmışdı o filmə.
Knyaz nəslindən, Baqrationlardan idi. Və əsil xristian. Xaçı boynundan düşməyən inanclı birisi.
Bir dəfə jurnalistlərdən biri ondan soruşmuşdu:
- Tanrını sevirsən, ya ondan qorxursan?
- Mən Tanrıya sadəcə hörmət edirəm.
Xeyli fəlsəfi fikirlər də bildirmişdi. Və sonda özü jurnalistə sual vermişdi:
- Bilirsən Tanrıdan nə istəyərdim? Ukrayna bu müharibədə qalib gəlsin.
"Biz hamımız xristianıq. Əgər O (tanrı), həqiqətən də mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır".
Bunu da o demişdi.
Ötən il 84 yaşını Batumidə solo konserti ilə qeyd etmişdi. Konsertdən yığılan vəsaiti isə Ukrayna ordusunun hesabına köçürmüşdü. Elə həmin konsertdən sonra bildirmişdi:
"20 il cavan olsaydım, əlimdə silah Ukraynanın müdafiəsinə qalxardım".
Bax, belə biriydi Buba-Vaxtanq Kikabidze...
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub.
Artıq 1959-cu ildə Kikabidze Tbilisi Filarmoniyasının artisti idi.
Onun səhnədəki karyerasının başlanğıcı 1960-1970-ci illərdə çıxış etdiyi "Dielo və Orera" caz ansamblları ilə bağlıdır. Buba ləqəbli sənətçi kinoda debütünü 1966-cı ildə "Dağlarda görüşlər" (rejissor Nikolay Sanişvili) filmində edib.
Lakin onun kinoda ilk ciddi işi "Ağlama!" (1969) filmidir. Bu işə görə Kikabidze 1970-ci ildə Kartaqenada (İspaniya) keçirilən Beynəlxalq Film Festivalında ən yaxşı aktyor mükafatını alıb.
1986-1990-cı illərdə Kikabidze Gürcüstanın "Rero" Dövlət Estrada Orkestrinə rəhbərlik edib.
Kikabidze çoxsaylı mükafatların laureatıdır. Onların arasında SSRİ Dövlət Mükafatı, Gürcüstanın Xalq artisti adı, SSRİ DTK-nın mükafatı, eləcə də bir çox ordenlər var.
2020-ci il parlament seçkilərində Kikabidze ən yüksək müxalifət partiyası olan Vahid Milli Hərəkatın siyahısında birinci olub və Gürcüstan Parlamentinin üzvü seçilib.
O, üsyankar birisiydi. 2008-ci ildə Kikabidze Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətinə etiraz olaraq prezident Medvedev tərəfindən verilmiş "Dostluq" ordenindən imtina etmişdi. Bu ölkədəki pərəstişkarlarının israrına baxmayaraq Rusiyaya ayaq basmamışdı.
O, Azərbaycanın dostu idi. Belə demişdi: "Bu dünyada iki şəhərdə özümü rahat hiss edirəm - Tbilisidə və Bakıda".
Sonuncu dəfə Qəbələdə yumor festivalında iştirak etmişdi. Tamaşaçılar alqışlar altında onu səhnədən buraxmaq istəmirdilər. Onun Azərbaycan dilində "Bəri bax" mahnısının ifası isə sadəcə möhtəşəm idi.
Vaxtanq Kikabidze keçmiş SSRİ-nin ən məşhur estrada müğənnilərindən biri idi. İfa etdiyi ən məşhur mahnıları arasında "Çito-Qvrito", çəkildiyi ən məşhur filmlər sırasında "Mimino" yaddaşlara hopub desək, yəqin ki, yanılmarıq.
"Mimino" gürcücə "şahin" deməkdir. Elə 1977-ci ildə Georgi Daneliyanın çəkdiyi bu filmdə də yerli şahindən, vertolyot pilotu Valikodan, onun başına gələnlərdən bəhs edir.
Və sən demə, filmin ideyasını Daneliyaya özgəsi yox, bizimki, onun dostu dramaturq Maqsud İbrahimbəyov veribmiş.
Hə, şahin uçub getdi əbədiyyətə.. Gürcüstanı yasa qərq etdi. Təkcə Gürcüstanımı?