Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Maşa'' kimi uşaqlar böyüyür''

''Maşa'' kimi uşaqlar böyüyür''

Tarix: 1 Fevral 2023 08:48

İlahə Dadaşova: "Cizgi filmi ilə yemək yeyən uşaqda diqqət dağınıqlığı yaranır"

Demək olar ki, hər gün uşaqların telefondan gözünü ayırmadığı, hətta sosial mediadan istifadə etməsi ilə bağlı narahatlıqlar, şikayətlər eşidirik. Yemək yeməyən, sözə qulaq asmayan uşaqları yola gətirmək üçün valideynlər dərhal smartfona, planşetə və digər texnoloji vasitələrə əl atırlar, nəticəsini düşünmədən... Nəticə isə göz önündədir-istədiyini əldə edənə qədər qışqıran, ağlayan uşaqlar. Bəs çıxış yolu nədir? Sonxeber.net bildirir ki, "Yeni Müsavat"ın əməkdaşı psixoloq İlahə Dadaşova ilə söhbətləşib:

- İnternet platformaları uşaqlara psixoloji mənada kifayət qədər zərər verir. Bəs uşaqları bundan tamamilə uzaqlaşdırmaq mümkündür?

- İnternet, sosial şəbəkələr uşaqlar üçün kifayət qədər zərərli platformadır. Ümumiyyətlə, bu platforma böyüklər üçün nəzərdə tutulub. Sirf sosial şəbəkələrdə böyüklər üçün nəzərdə tutulan xəbərlər, tanışlıq imkanları və s. yer alır. Bunun müsbət və mənfi tərəfləri olduğu üçün, hətta mənfi tərəfləri daha çox olduğu üçün uşaqlara ziyanlıdır. Təəssüf ki, müasir dövrdə uşaqları telefonsuz, internetsiz qoya bilmirik. Uşaqlar araşdırma üçün məcburən internetdən istifadə edirlər. Müşahidələrə görə, demək olar ki, ibtidai təhsil dövründən etibarən uşaqlar internetlə tanış olurlar. Bu da o deməkdir ki, bundan qaçmaq mümkünsüzdür. Bir sözlə, artıq internetdən istifadə zamanı yaş faktoru yoxdur. Hər bir dövrün özünün tələbi var. Biz böyüklər belə bir neçə gün sosial şəbəkədən uzaqlaşsaq, özümüzü sanki dünyadan təcrid olunmuş hiss edirik.

- Yəqin razılaşarsınız ki, məktəbə getməyən uşaqlar da böyüklərdən təsirlənərək telefona və s. meyl edirlər. Bəs bunun zərəri uşağın psixologiyasında özünü necə göstərir?

- İstər psixikada, istərsə də sosial davranışda mənfi təsirlər özünü göstərir. Bəzi valideynlər 6 ayından, bəziləri 1 yaşından, bəziləri də 2 yaşından yemək yeməyən uşağın qarşısına telefon qoyur. Cizgi filmi ilə yemək yeyən uşağın sosial davranışını bir kənara qoysaq, sırf psixikasına təsirlərini sadalasaq, bir neçə vəziyyət ortaya çıxır: diqqət dağınıqlığı, hər hansı işə fokuslanmaqda çətinlik yaranır. Bir müddət sonra uşaqlar hiperaktivlik və diqqət əskikliyi diaqnozundan əziyyət çəkirlər. Bu vəziyyəti valideynlər özləri yaradırlar. Yemək yemir deyə uşaqları telefonla tanış edirlər, nəticədə psixika zərər görür.

- Uşaqların sosial davranışında bu zərər necə büruzə verir?

- Bir neçə il əvvəl "Maşa və ayı" cizgi filmi Azərbaycanda çox populyar idi. Məşhurlaşmağa başlayanda heç bir valideyn bu cizgi filminin zərərlərinə fikir vermirdi. Hətta valideynlər özləri də "Maşa və ayı"ya maraqla baxırdılar. Nəticə göz önündədir. Maşa kimi uşaqlar yetişdi. Uşaqlar Maşanın hərəkətlərini, onun kaprizlərini təkrar edirdilər. Psixoloqlar öz aralarında buna "Maşa sindromu" adını vermişdilər. Uşaq evin əsas idarəedicisi kimi istədiyini elətdirə bilər. Maşanın isterik davranışları da bununla əlaqədardır. Bu isə uşaqlara şüuraltı mesaj ötürür. Əksər cizgi filmlərində belə mesajlar verilir. Günümüzdə normal, sadəcə, uşaqlara xitab edən cizgi filmi tapmaq müşküldür.

- İnternetin müsbət tərəfləri də çoxdur, lakin nəyin müsbət, nəyin mənfi olduğunu uşağın psixologiyası düzgün qavramalıdır?

- Bəli. Bugünlərdə bir valideyn mənə dedi ki, internetdə müxtəlif videoçarxlar yayımlanır. Məsələn, narkotik vasitələrdən istifadəni pisləyən videolar var. Bu, çox yaxşıdır, maarifləndirmə üçün önəmlidir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, psixologiyası zəif uşaqlar da var. Hər uşaq belə videolara baxıb maariflənmir. 11-12 yaşlı uşaqlar üçün belə videolar maarifləndirmə mənbəyi olduğu kimi, maraq da yaradır. 18 yaşlı şəxsin iradəsi formalaşmış olur, maraq yarandıqda təhlil aparır və marağını basdıra bilir. Hər kəs fikirləşir ki, mən bu vəziyyətə düşə bilmərəm. Digər tərəfdən, cinayət xəbərlərinin təsiri ilə avtoritetlərin dünyasına maraq göstərən, hətta meyl edən yeniyetmələr formalaşır. Bu vəziyyəti aradan qaldırmaq üçün nəzarət mütləqdir. Əks halda, ya həmin yeniyetmələr cinayət törədəcəklər, ya da kriminal qruplaşmalara qoşulub hər hansı hadisəyə qurban gedəcəklər. 


Etiketlər:  Maşa kimi uşaqlar böyüyür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ