Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 17:12
Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub. Yolun uzunluğu 31 km təşkil edir.
AAYDA-dan verilən məlumata görə, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalıb.
Tikinti layihəsinə uyğun yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin inşası aparılıb. Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb.
"İnşaat Norma və Qaydaları"na əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb.