Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 16:18
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransında deyib.
Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:
“Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.
Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: “Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan “Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin