Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2023 09:04
Türkiyə prezidenti R.T.Ərdoğan 18 iyunda keçirilməli olan prezident seçkilərinin 14 mayda keçirələciyini elan etdi. Qərar hakim partiya üçün siyasi cəhətdən məntiqli/məqsədəuyğun idi. İyun ayı Həcc ziyarətgahı və Qurban bayramı vaxtlarına təsadüf etdiyindən hakim ƏİP partiyasının bir çox seçiciləri Türkiyədə olmayacaqdı. Öz növbəsində müxalifət partiyaları seçkilərin yeni seçki qanununun qüvvəyə minməsindən qabaq − 6 aprelə qədər keçirilməsinin tərəfdarı idilər. Yeni seçki qanununa əsasən, parlamentə keçid həddi 7% civarında müəyyən edilir. Praktikada bu o deməkdir ki, növbəti seçkilərdə 6 əsas müxalifət partiyasından yalnız ikisi − CXP və İYİ Partiyaları parlamentdə yer ala biləcəklər.
Seçki prosesi
Sonxeber.net Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, qanunvericiliyə görə prezident seçkiləri iki mərhələli qaydada keçirilir. I turda namizədlərdən heç biri 50%+1 səs toplamadıqda iki ən çox səs toplayan namizəd üçün II tur keçirilir. Hazırda prezident seçkilərinə 6 namizəd (R.T.Ərdoğan, C.Uzan, D.Pərincək, M.İncə, S.Savaş, S.Oğan) var. Qeyd edək ki, Türkiyə müxalifətini özündə ehtiva edən altılı masa (CXP, İYİ partiya, DEVA, Gələcək partiya, Səadət partiyası, Demokrat partiya) hələ vahid namizədini irəli sürməyib. CXP lideri K.Qılıçdaroğlu Ələvi inancından olması, xarizmatik lider olmaması və daim R.T.Ərdoğana məğlub olması digər partiyaların onu dəstəkləməməsinə gətirir. Sünni məzhəbinə aid İstanbul bələdiyyə rəhbəri Ə.İmamoğlu nəinki yerli seçkilərdə iki dəfə hakim partiya namizədinə qalib gəlib, həmçinin qələbə üçün vacib olan kürd seçicilərini öz ətrafına toplaya bilib. Lakin, İmamoğlunun vahid namizəd olmasına Qılıçdaroğlunun müqaviməti və məhkəmə qərarı mane olur. Seçki qabağı PKK terror təşkilatının siyasi qolu sayılan və seçici kütləsinin 10%-ni təşkil edən Xalqların Demokratiya Partiyası (XDP) da xüsusi aktivlik göstərir. XDP-nın altılı masada CXP və DEVA kimi dəstəkçiləri və İyi partiya kimi antoqonisti mövcuddur.
Qüvvələr nisbəti
Çoxsaylı sorğular içərisində Kadir Has Universiteti və TEAM (Toplumsal Etki Araşdırma Merkezi) tərəfindən aparılan araşdırmaya nəzər yetirmək vacibdir. Kadir Has Universiteti müəyyən etmişdir ki, heç bir namizəd seçkilərdə I turdan qalib gələ bilməyəcək. Ərdoğan digər namizədlərdən öndə olsa da ehtimal ki, I turda qalib olmayacaq. Bununla belə araşdırma müəyyən edib ki, Ərdoğan mövcud namizədlərdən istənilən birinə II turda qalib gələcəkdir. Oxşar nəticələrə TEAM də gəlmişdir. Araşdırmaya görə hakim ƏİP partiyası ayrılıqda 37,5%, MHP ilə birgə isə 44% reytinqə malikdir.
Cənubi Qafqaz konteksti
Erməni politoloq A.İskandaryana görə, əvvəl Ermənistanın şərqində Bakı, qərbində isə Ankara var idi; lakin, Azərbaycan və Türkiyə arasında koordinasiya o səviyyəyə çatıb ki, Ermənistanın hər iki tərəfində "Bakı"dır. Aydındır ki, bu yüksək koordinasiya Ərdoğanın hakimiyyət illərində əldə olunub. Karneqi Fondu Türkiyədə müxalifətçi namizədlər arasında sorğu keçirmişdir. Əksər müxalifətçilər Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, Rusiya ilə münasibətlərin minimallaşdırılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müsbət cavab vermişlər. Təsadüfi deyil ki, Ermənistan sülh sazişi prosesini bilərəkdən uzadıb, Türkiyədə yeni şəxsin prezident olmasına ümid edir. Ərdoğanın məğlubiyyətini arzulayan İrəvan, Bakı və Ankara arasında mövcud yüksək koordinasiyanı pozacağına və Qərb vasitəsilə "yeni prezidentə" təsir/təzyiq edəcəyinə ümid edir.
Nəticə
Görünən odur ki, may seçkilərində Ərdoğan qələbə qazanacaqdır. Ərdoğanın yüksək reytinqləri, vahid namizəd məsələsində altılı masa daxilində mövcud ziddiyyətlər, müxalifət-XDP arasında mümkün ittifaqın millətçi kəsim tərəfindən hiddətlə qarşılanması Ərdoğanın qələbəsini şərtləndirən amillərdir.