Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 23:12
Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə əlaqədar göstərilən yardımlara, dəstəyə dair informasiyalar yaymaqda davam edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, "Hürriyet" qəzeti "Bakıdan 135 TIR yardım" sərlövhəli məqalədə zəlzələdən zərər çəkən insanlara yardım toplanması məqsədilə Azərbaycanda başladılan "Qardaş dəstəyi" kampaniyası çərçivəsində bu ölkəyə 135 TIR yardımın göndərildiyi, ərzaq məhsulları və içkilərin olduğu 26 vaqon yükün isə dəmir yolu ilə sabah yola düşəcəyini yazıb. Bildirilib ki, yardımların toplanması davam edir.
Yazıda qardaş ölkəyə 6 min uşaq bezi bağışlayan İlqar Məmmədovun fikirlərinə də yer verilib. O bildirib: Bu yardımı Türkiyədəki qardaşlarımız üçün gətirmişik. Türkiyənin, can qardaşlarımızın yanında olmaq, onlara yardım etmək məqsədilə kampaniyaya qoşulduq. Qardaşlarımızın acılarını bölüşürük".
"Turkiyegazetesi" qəzetinin saytında yayımlanan videoda Azərbaycandan, Naxçıvandan Türkiyəyə yardım gətirən TIR sürücüsünün müsahibəsi təqdim edilib. O, Türkiyəyə gəlməyinin məqsədini bu sözlərlə izah edib:
"Biz Türkiyəyə Nuru Paşanın, Ömər Halisdemirin, Kazım Qarabəkirin, Mübariz İbrahimovun, Fərid Əhmədovun borcunu gətirdik. Biz buraya yardım gətirmədik, biz buraya Vətənin borcunu gətirdik, qardaşlar. Biz gəldik burada Vətən daşı olaq, Vətənə xidmət edək. Biz buraya qardaşın övladları olaraq gəldik".
"Aksam.com.tr" portalında yayımlanan "Azərbaycandan gələn məktublar qəlbləri riqqətə gətirdi" sərlövhəli məqalədə isə Azərbaycandan qardaş ölkəyə göndərilən yardımlar arasında yer alan məktubların qəlbləri riqqətə gətirdiyi qeyd olunub. Bildirilib ki, qardaş ölkədən yardımlar gəlməyə davam edir. Azərbaycandan göndərilən məhsullar zəlzələdən zərər çəkənlərə paylanılıb. Yardımlar arasında göndərilən məktublardan birində yazılıb: "Keçmiş olsun, Azərbaycan olaraq ürəyimiz səninlədir. Çox gözəl günlərdə istifadə etməyinizi arzu edirəm. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, siz dualarımızdasınız".
Digər bir məktubda isə qeyd edilib: "Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, siz də evinizə qayıdacaqsınız. Allah sizi qorusun".