Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kenni penaltidən qol vurmasaydı, Emin Mahmudovu cəzalandıracaqdım" - Regekampf

Tarix: 18 Fevral 2023 20:18

"Qolların sayına və hesaba baxanda, yaxşı oyun oldu. Amma bilirəm ki, bundan da yaxşı oynaya bilərik. Çoxlu epizodlar var ki, harada daha sürətli və ya sadə oynamalıyıq. Daha çox qapıya tərəf yönəlməliyik. Müdafiədə bəzi epizodlar var ki, daha ağıllı davranmalıyıq. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Ümid edirəm ki, bütün futbolçularım fiziki cəhətdən 100 faiz daha yaxşı olacaqlar. Bununla da, onlar özlərini məşqlərdə daha yaxşı göstərəcəklər. Belədə, komandada keyfiyyət də artacaq".

Bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqanın 23-cü turunun "Səbail"lə oyunundan (3:0) sonra deyib.

Rumıniyalı mütəxsəssis ilk penaltini Emin Mahmudovun deyil, Kenni Sayefin yerinə yetirməsi haqda bunları söyləyib: "Mən bunu şərh etmək istəmirəm. Bizdə komandadaxili qaydalar var. Hamı bilir ki, penaltini kim vurur. Emin qərar verdi ki, penaltini Kenniyə versin. Əgər Kenni vurmasaydı, Emini cəzalandıracaqdım. Bu, çox sadədir".

"Neftçi"nin çalışdırıcısı növbəti turda qarşılaşacaqları "Qarabağ"ın Konfrans Liqasında mərhələ adlamasını istədiyini bildirib: "Qarabağ" böyük təcrübəyə malikdir. Əminliklə deyə bilərəm ki, bizə qarşı yaxşı oynayacaqlar. Azərbaycan və hamı üçün istəyərdim ki, "Qarabağ" növbəti mərhələyə adlasın. Bu, futbol, imic və hər şey üçün çox vacibdir. Bizim üçün çətin olacaq. Ümid edirəm ki, onlar üçün də çətin olacaq. Qələbə qazanmaq istəyiriksə, rəqibə problemlər yaratmalıyıq. Aqressiv və daha sürətli oynamalı, müdafiədə diqqətli oynamalıyıq. Bugünkü oyunla müqayisədə, "Qarabağ"la daha yaxşı oynamalıyıq. Əgər pozitiv nəticə istəyiriksə. Bu, mümkündür".

Regekampf son turlar eyni "11-lik"lə meydana çıxmalarını komandası üçün üstünlük sayır: "Məncə, belədə rəqiblər üçün daha da çətin olacaq. İlk dəfədir ki, bütün oyunçular sərəncamımdadır. Oyunçular bir-birini tanımağa başlayıb. Meydanda nə etmək lazım olduğunu artıq bilirlər. Vacib amil budur ki, birlikdə oynamağa daha çox şans əldə etsinlər. Bugünə kimi bu cür halla rastlaşmamışdıq. Zədələrə görə belə idi. Əvvəldən bizi fərqləndirən budur. Zədəlilərimiz çox idi deyə, oyunlara tam heyətlə çıxa bilmirdik. Rəqiblər də bizi analiz etməlidir. Biz də artıracağıq, yeni nələrsə edəcəyik. Əlimizdən gələni edəcəyik ki, rəqibin müdafiəsini yaraq".

Milli.Az


Etiketlər:  Kenni penaltidən qol vurmasaydı Emin Mahmudovu cəzalandıracaqdım Regekampf


RƏYLƏR