Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əzraillə çilingağac oynayan adam: Hər şeyə qalib gəldi, bircə... - FOTO

Əzraillə çilingağac oynayan adam: Hər şeyə qalib gəldi, bircə... - FOTO

Tarix: 11 Mart 2023 22:30

Ötən həftə İspaniyadan çox üzücü xəbər aldıq. 32 yaşlı sabiq futbolçu Pelayo Novo faciəvi şəkildə vəfat edib. Onu qatar vurub. Pelayo məşhur oyunçu deyildi, lakin onun hekayəsi çox dramatikdir.

Milli.Az bildirir ki, Pelayo yarımmüdafiəçi olub. "Ovyedo", "Elçe", "Kordoba", "Luqo" və "Albasete" kimi klublarda 200-dən çox oyun keçirib. O, "CFR Kluj"da legioner həyatı yaşayıb. Lakin Rumıniyadakı macərası cəmi iki ay çəkib.

Onun futbolçu karyerası isə 2018-ci ilin martında - 27 yaşında başa çatıb. Qaldığı hotelin 3-cü mərtəbəsində telefonla danışarkən məhəccərə söykənən Pelayo müvazinətini itirərək yıxılıb. Həkimlər gələnə qədər komanda yoldaşları ona ilkin tibbi yardım göstərib. 51 gün Saraqosa xəstəxanasında müalicə alan futbolçunun ayaqlarının iflic olduğu məlum olub.

Xəstəxanada olduğu müddətdə futbol ictimaiyyətinin nümayəndələri - həmkarları, məşqçilər, klub və federasiya rəsmiləri onu ziyarət ediblər. Ona bu çətin vəziyyətdə dəstək olmağa çalışıblar. Çünki Novo yalnız qoltuqaltı və ya əlil arabası ilə hərəkət edə bilərdi. Pelayo, bu hadisədən əvvəl də depressiyadan əziyyət çəkirdi və mütəmadi olaraq psixoloqa baş çəkirdi.

Bundan sonra futbolçu karyerasını başa vurduğunu elan etdi. O, bu qərarı verməyə tələsmirdi. Vəziyyəti qəbul etmir, düşünürdü ki, sağalacaq və o tezliklə futbola qayıdacaq. Bunun üçün möcüzə baş verməli idi.

Futboldan sonra Pelayo paratennisə keçdi. "Futbol məni, mən isə tennisi seçdim. Futbol peşəyə çevriləndən sonra uşaqlıqdakı kimi bundan həzz almırsan" - deyə açıqlamalarından birində demişdi. Onun bərpa prosesi 3 il çəkdi. O vaxta qədər tennisi yaxşı mənimsəmiş, turnirlərdə iştirak etməyə başlamışdı. Hətta paratennisçilərin reytinqində 17-ci sıraya qədər yüksəlmişdi. 2021-ci ildə o, bu idman növü üzrə ilk Asturiya çempionu olmağı da bacarmışdı. Bütün bunların fonunda ümidini heç vaxt itirmədi:

"Onurğa sütunumdan bir az yuxarı zədə alsaydım, daha çox hərəkət qabiliyyətini itirərdim. İndi mən çox şey edə bilərəm".

O, çətin günlərində depressiyaya qalib gəlmək üçün özünə bir sıra məşğuliyyətlər tapdı. O vaxtdan bəri:

• Hovuza getdi və hətta sörfinq etdi.

• Fiziki məhdudiyyətli uşaqlarla işləməyə başladı.

• İdarəetmə və maliyyə sahəsində təhsil aldı.

• Rəfiqəsi ilə birlikdə Ovyedoda itlər üçün salon açdı.

• Asturiya Tennis Federasiyasının İdarə Heyətində çalışdı.

• Və evləndi - bu, ölümünə 8 ay qalmış baş verdi.

Ovyedo şəhərinin La-Korredoriya rayonundakı stansiyada həyatını itirdi. Məlum olan odur ki, qatar Pelayonu vurub. Hələlik başqa heç bir təfərrüat yoxdur. Təcili yardım hadisə yerinə gəlsə də, onu xilas etmək mümkün olmayıb.

Yoxluğunda çox sayda insan Pelayonun sosial şəbəkə hesablarına axışır. Onun yazılarına reaksiya və başsağlığı verirlər. "Sportinq Xixon", "Albasete", "Ovyedo" və digər klublar onun vəfatı ilə əlaqədar başsağlığı verib. Bu siyahıya Madrid "Real"ı da qoşulub. "Ovyedo"nun oyununda bir dəqiqəlik sükut belə elan edilib. "Elçe" isə "Malyorka" üzərində qələbəni Pelayoya həsr edib. Beləcə, İspaniya futbol ictimaiyyəti onun xatirəsini əziz tutub, yad edib. (publika)

Milli.Az


Etiketlər:  Əzraillə çilingağac oynayan adam Hər şeyə qalib gəldi bircə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ