Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İş təkcə sürət həddini endirməklə bitməyəcək" - Ekspert

Tarix: 17 Mart 2023 19:00

Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endiriləcəyi ilə bağlı qərar geniş müzakirələrə səbəb olub.

Mövzuya münasibət bildirən sürücülərin bir hissəsi bu addımın təqdirəlayiq olduğunu, tıxacları və ağır qəzaları azaldacağını düşünür. Amma əks fikirdə olanlar az deyil. Vətəndaşların bir qismi isə aşağı sürətin onların işə, mənzil başına vaxtında çatmağına maneə olacağını deyir. Hətta sürət həddinin azaldılmasının tıxacların artması ilə nəticələnəcəyini proqnozlaşdıranlar da var.

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bəzi küçə və yollarda sürət həddinin dəyişdirilməsi ilə bağlı qərarı keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsi istiqamətində vacib addım kimi görür: "Sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən səhvlər var - Yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s. Bu, çoxdan aradan qaldırılmalı idi.  Ümumiyyətlə, belə hallar olmamalı idi, nəhayət ki, dəyişiklik edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər iş (yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s.) də görülməlidir".

Ərşad Hüseynov bildirib ki, ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır: "Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək".

Hazırki vəziyyətdə sürücüləri, eləcə də yol hərəkəti iştirakçısı olan digər şəxsləri maraqlandıran əsas sual isə dəyişikliklərin hansı tarixdən etibarən qüvvəyə minməsi ilə bağlıdır.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, küçələrdə nişanların quraşdırılması ilə həmin küçədə yeni sürət həddinin tətbiqinə başlanılacaq: "Hazırda bu istiqamətdə iş gedir, qeyd edilən küçə və prospektlərdə yeni nişanların quraşdırılması tərəfimizdən təmin ediləcək".

Məsələyə Bakı şəhər Dövlət Yol Polis İdarəsindən münasibət öyrəndik. Qurumun baş inspektoru Araz Əsgərli bildirib ki, yollarda sürət həddinin endirilməsi artıq zərurətə çevrilmişdi və bu dəyişiklik təmsil etdiyi qurumun təklifi ilə qərara alınıb: "Yollarda təhlükə səviyyəsinin aşağı salınması məqsədilə belə bir təklif irəli sürdük. Baş vermiş yol-nəqliyyat hadisələrinin, eləcə də piyadavurmaların statistikasını təhlil edərək aidiyyəti üzrə təkliflərimizi vermişik. Qeyd olunan küçə və prospektlərdə hərəkət sürətinin aşağı salınması ilə yanaşı digər zəruri infrastruktur tədbirlərinin görülməsi ilə bağlı təkliflərimiz də həm BNA-ya, həm də digər aidiyyəti qurumlara göndərilib. Burada piyada keçidlərinin yerlərinin müəyyən edilməsi və müəssərliyi, həmçinin qəzaların baş verdiyi saatlar, həftənin günləri üzrə ərazilər təhlil edilərək konkret faktlarla göstərilib. Hesab edirik ki, yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə bu işlər ardıcıl olaraq davam etdirilməlidir".

A.Əsgərli əlavə edib ki, yollarda nişanların quraşdırılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində olan məsələdir və nişanların tam quraşdırıldığı küçələrdə növbə ilə sürət həddi də artırılacaq.

Milli.Az


Etiketlər:  İş təkcə sürət həddini endirməklə bitməyəcək Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ