Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim" - Xalq artisti

Tarix: 27 Mart 2023 10:40

"Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Hər gün pəncərədən afişaya baxırdım ki, görəsən bu gün hansı film nümayiş olunacaq? Rasim Balayevə, Rus və Hind kinosunun bütün incilərinə məktublar yazırdım. Hətta bir dəfə Rusiya kanalında adımı çəkib, təşəkkür etdilər ki, məktubunu almışıq. Dayım kinoteatrda işləyirdi, bütün afişaları mənə verirdi. Yusif Vəliyevi həyatda görməmişəm, amma ən çox sevdiyim aktyorlardan biri olub. Bir dəfə universitetdə Rasim Balayevlə qarşılaşanda mənə dedi ki, "Firəngiz, məktubunu atmamışam". İllər sonra onunla bir filmdə çəkildim, arzum ürəyimdə qalmadı"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova yazıb. 

"O vaxt Yaşar universitetdə assistent işləyirdi, mən isə oxuyurdum. Həmişə məni universitetdə görəndə soruşurdu ki, "sən Ofeliya Sənaninin qohumusan?". Bilmirəm, bəlkə də üzümdəki xaldan, gülərüzlü olmağımdan məni Ofeliya xanıma bənzətmişdi. Mən yorulmuşdum Yaşara deməkdən ki, Ofeliya xanımın qohumu deyiləm. İlk dəfə o televiziyada baş rolda çəkiləndə, mən onun ətrafında rəqs edən qızlardan birini oynayırdım. Hətta "Səni axtarıram" televiziya tamaşasında çəkiləndə rejissorumuz Tariyel Vəliyevə demişdi ki, "bu qız çox gəncdir, gülür". Tariyel müəllim də ona demişdi ki, "Firəngizin gülüşü səni qıcıqlandırmalıdır, mənə də elə bu lazımdır". Allah Tariyel müəllimə rəhmət etsin, böyük risk edib məni çəkmişdi. O vaxta kimi çox aparıcılıq etmişdim, amma o qədər də yadda qalmamışdım. "Səni axtarıram" televiziya tamaşası o vaxt bomba kimi partlamışdı" deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, riskə getməyi çox sevir. "Ümumiyyətlə mən həyatda da, sənətdə də riskə getməyi çox sevirəm. Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipində çəkilmişdim, risk etmişdim. Hamı fikirləşirdi ki, görəsən necə olacaq? Mənim yerimə həyəcanlanırdılar. Amma çox yaxşı qarşılandı. "Bacanaqlar" serialında çəkildim, 10 il davam etdi. O vaxt serial çəkilmirdi. Hamı tənqid edirdi ki, niyə çəkilirsən? Sonra hamı orada çəkilməyə başladı. Bizim bir yaxın dostumuz zarafatca Yaşar Nuriyə demişdi ki, "get o qızı ordan çıxar, qalıb "Bacanaqlar" serialında çəkilir". Sonra danışır ki, "televizoru açdım ki, görüm səni serialdan çıxarıb? Gördüm ki, özü də çəkilir" (gülür)" deyə sənətkar bildirib.

Xalq artisti sənət dostu Yaşar Nuri ilə bağlı bir xatirəni də bizimlə bölüşüb. "Yaşar İstanbulda, Nişantaşındakı xəstəxanada yatırdı. Yanına getdim. Gördüm ki, bütün həkimlər, tibb bacıları məni görməyə gəlirlər, xəstəxana bir-birinə dəyib. Öz-özümə dedim ki, bunlar axı məni tanımır? Nə olub bunlara? Sonra mənə dedilər ki, Yaşar bəyin həyat yoldaşı Rəhimə xanım sizin şəkilinizi bizə göstərib deyib ki, mənim ərim bu qadını sevir, bu qadın isə ərimi sevmir".Mən də zarafatca dedim ki, "bu xanım bu bəyi sevir, ona görə də bu boyda yolu onun üçün Türkiyəyə gəlib". Əl çalıb, güldülər. Bu sözümlə Yaşara ruh verdim. Vallah Yaşar heç vaxt mənə deməyib ki, səni sevirəm. Hamını qısqanırdı, amma mənə lap ərk edirdi. Bir aktyorla oynayanda bir də görürdün ki, bir aydır mənimlə danışmır. Mən də buna qarşılıq olaraq ondan inciyirdim ki, sən niyə gedib başqa aktrisa ilə çəkilmisən?! Çox yaxın dost olmuşuq, bir-birimizi o qədər çox istəmişik ki. Bir-birimizə o qədər dərdlərimizi, sirlərimizi bölüşürdük ki" deyə sevilən sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun Papanın gül balası klipinə çəkilmişdim Xalq artisti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ