Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2019 20:40
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Lion inzibati məhkəməsinin bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 18 may 2015-ci ildə, Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair bu ilin 17 oktyabr tarixli qərarını alqışlayır.
Nazirliyin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, bu günədək Fransa şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” Fransanın müvafiq məhkəmə qərarları ilə ləğv olunub. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3 qanunsuz “xartiya”nın hamısı ləğv edilib.
Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan və Fransa qanunvericiliyi, xüsusilə də ölkə Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa Məhkəmələri tərəfindən ləğv ediləcəkdir.
Qanunun aliliyi hər şeydən üstündür və Fransadakı erməni lobbist qrupları başa düşməlidirlər ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluğa düçardır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin