Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranlı istedadların böyük arzuları - VİDEO - FOTO

Lənkəranlı istedadların böyük arzuları - VİDEO - FOTO

Tarix: 8 Aprel 2023 13:30

Lənkəranın Boladi kəndində gələcəyin Teslası, Faradeyi, Voltası kimi ixtiraçıları yetişir desək, yanılmarıq. Yeddinci sinif şagirdləri dünyaca məşhur olan fiziklərin kəşf etdikləri qurğuların kiçik formasını hazırlayırlar. İlk işlərinin uğurlu alındığını görən şagirdlər, həvəslənərək daha böyük qurğuları düzəltməyi qarşıya məqsəd qoyublar. Söhbət Boladi kənd 1 saylı tam orta məktəbinin şagirdləri Taleh Cabbarov və Ravil Həsənovdan gedir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki istedadlı şagird fizika fənninə böyük maraq göstərir. Taleh Cabbarov mühəndis olmaq istəyir. Onun böyük arzuları var. Deyir ki, Nikola Teslanın kəşf etdiyi qurğuda elektrik cərəyanını bir neçə santimetrdən almaq olursa, onun düzəldəcəyi qurğularda daha uzun məsafədən cərəyan almaq olacaq. Bunun üçün o, bir neçə dəfə sınaq da keçirib. Bəziləri uğurlu olub, bəziləri isə uğursuz.

"Fizika fənnini tədris edən Seyran müəllim alət düzəldəndə ona baxdım, özüm düzəltmək istədim. Birinci düzəltdiyim alət dünyaşöhrətli alim Faradeyin təcrübəsi oldu. İkincisi Tesla qülləsi idi. Tesla qülləsində elektrikin naqilsiz ötürülməsi var. Ondan sonra da, vaxt keçdikcə fizikanı sevməyə başladım və digər alətlər də düzəltdim", - deyə o ilk işlərindən danışır.

Həmyaşıdı Ravil Həsənov isə zəlzələ baş verməzdən əvvəl onun vörşoklarını qeydə alan qurğu üzərində işləyir. Digər işi isə çənlərdə suyun səviyyəsini müəyyən edən cihazdır.

Ravil və Talehə bu işdə dəstək olan Seyran müəllim, istedadlı şagirdlərinin bacarığını görüb fərəhlənir: "Dərslərimizdə əzbərçilikdən daha çox, layihə əsaslı təlimlərə üstünlük veririk. Adətən mövzuya uyğun yeni qurğular, təcrübələr hazırlayıb, şagirdlərə nümayiş etdirirəm. Sonra bu işi şagirdlərə tapşırdım ki, özləri hazırlasınlar. Çünki fizikanı daha dərindən başa düşmək üçün təcrübə mütləqdir. Məktəbimizdə mühəndislik klubu yaratmışıq, 40-a yaxın şagirdi var. Şagirdlər düzəltdikləri qurğuları məktəbə gətirir, müzakirə edirik".

Fizika fənnini şagirdlərinə sevdirən Seyran Əliyev əmindir ki, bu uşaqlar düzəltdikləri qurğuları inkişaf etdirərək, daha böyük uğurlara imza atacaq və tanınmış mühəndis olacaqlar.

Milli.Az


Etiketlər:  Lənkəranlı istedadların böyük arzuları VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ