Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır” - Cəlal Qurbanov - VİDEO - FOTO

“Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır” - Cəlal Qurbanov - VİDEO - FOTO

Tarix: 21 Aprel 2023 14:26

Vətənpərvərlik layihələri ilə tanınan "Fireland Production"  "Azman Holdinq"in dəstəyi ilə Müqəddəs Ramazan Ayı və bayramına həsr olunmuş daha bir tədbir həyata keçirib. Bu səfər Azərbaycanın müxtəlif bölgələrindən  400-ə yaxın  şəhid anasına iftar süfrəsi açılıb, rəsmi şəxslər öz çıxışlarında Ramazanda məhz şəhid analarının yad edilməsi ilə bağlı ürək sözlərini bildiriblər.

Ölkənin tanınmış sənətçiləri qələbə ruhlu mahnılarla yanaşı ilahilər səsləndiriblər. 

18.04.2023 tarixində saat 18:00-da Manqal Steak House-da baş tutan tədbiri tanınmış aparıcılar Nailə İslamzadə, Leyla Quliyeva və Lalə Azərtaş idarə edib. Tədbirin rəsmi hissəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Ülvi Quliyev çıxış edərək günün əhəmiyyəti ilə bağlı fikirlərini dilə gətiriblər.

Xalq artistləri Alim Qasımov, Azər Zeynallı, Zülfiyyə Xanbabayeva, əməkdar artist Fərqanə Qasımova, Zamiq Hüseynov, Mirələm Mirələmov tədbirin bədii hissəsini öz ifaları ilə rəngləndiriblər. Rəsmi hissə iftar vaxtı 14 yaşlı Hüseyn Qasımzadənin azan verməsi ilə yekunlaşıb. Tədbirin bədii hissəsi şəhid övladlarının müğənni Zamiq Hüseynovla birgə oxuduqları "Mənim atam qəhrəmandır" mahnısı ilə açılıb. İctimaiyyətə ilk dəfə təqdim olunan mahnının yay aylarında çəkiləcək kliplə bərabər təqdim olunacağı bildirilib. Daha sonra muğam ifaçıları Səbinə Ərəbli, Kamilə Nəbiyeva canlı musiqilər, təsniflər səsləndiriblər. Əməkdar artist Fərqanə Qasımova Ramazana ithaf olunan repertuarı ilə çıxış edib.

Daha sonra tarzən Zəki Vəliyevin Şəhid Toğrul Hacıyevə məxsus tarda ifa etməsi, çoxdan toxunulmayan  simləri dilə gətirməsi kövrək anlara səbəb olub. Ardınca xalq artisti Azər Zeynallı möhtəşəm ifası ilə şəhid analarını təsirləndirib.  Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova və şəhid Elçin Əzizovun övladı Yusif təşkilatçılara və qonaqlara ürək sözlərini bildiriblər.  Xalq artisti Zülfiyyə Xanbabayeva " Ana " mahnısı ilə öz ifasını  şəhid analarına həsr edib.
Şəhid analarını yenidən bir araya toplayan tədbirdə şəhidliyi ən ali zirvə hesab edən İslamın ən müqəddəs bayramı - Ramazanın mənəvi dünyamıza tövhələri vurğulanıb.
Tədbirin təşkilatçısı Cəlal Qurbanov hər zamankı kimi şəhid ailələri ilə bərabər olmaqdan qürur hissi duyduğunu ifadə edib: " Əslində bu günkü tədbirin ev sahibləri Bakı qeydiyyatı olan şəhid analarıdır. Hesab edin ki, iftar süfrəmizi onlar bölgələrimizdən dəvət olunan şəhid anaları üçün təşkil ediblər. Məsafələr onları tez-tez görüşməyə qoymur, amma hissləri, dərdləri və qürur duyğusu eynidir bu anaların. Biz sadəcə bu qürura vasitəçi ola bilməkdən şərəf hissi duyuruq. Yaxşı ki, onlar bizi öz ailələrinə daxil ediblər, övladları yerində görüblər. Bütün bayramlar şəhid ailələrinin haqqıdır, halalıdır. Ramazan isə mənəviyyat yüklü bayram olduğu və bu analar dini ayinləri yaxşı bildikləri, riayət etdikləri üçün daha çox onların qəlbinə su səpir, itkilərinə təsəlli olur. Mən bir daha tədbirlərimizdə hər zaman yanımızda olan Heydər Əliyev Fondu və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm. 

Mütəmadi olaraq təmasda olduğum şəhid ailələri xüsusilə Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişləri ilə onlara verilən dəstəkdən razıdırlar. Onlar Vətənə fəda etdikləri övladlarını Prezidentin dəmir yumruğuna verilən güc kimi qəbul edir və bununla qürur duyurlar. Mən isə öz növbəmdə həm insanlıq, həm vətəndaşlıq, həm də doğmalıqdan irəli gələn borcumu sevgim ilə göstərməyə, şəhid analarını öz anamdan, şəhid övladlarını öz övladlarımdan ayırmamağa çalışıram. Sevgi müalicəvi bir hissdir, yaralara məlhəmdir. Ömrümüz durduqca bu duyğunun ən böyük payını şəhid ailələrinə ayırmalıyıq. "Azman Holdinq"in "Manqal Steak House" restoranı isə artıq şəhid ailələrinə çox doğmadır. Bu ləziz iftar süfrəsi və bu günə kimi göstərdikləri yüksək səviyyəli təşkilatçılıq üçün onlara minnətdaram"

Qeyd edək ki, indiyədək 2000-dən çox şəhid anasını "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrinə cəlb edən "Fireland Production"un tədbirləri Heydər Əliyev Fondu tərəfindən daim dəstəklənib. Daxili İşlər Nazirliyinin xüsusi tapşırığı ilə layihə iştirakçıları olan şəhid yaxınlarının təhlükəsizliyi təmin olunub, onlara hər zaman ehtiram göstərilib.

Milli.Az


Etiketlər:  Bütün bayramlar şəhid ailələrinin haqqıdır halalıdır Cəlal Qurbanov VİDEO FOTO


RƏYLƏR