Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 07:44
"Örebro" futbol akademiyasının yetirməsi olan həmyerlimiz Murad Əbdürrəhmanov İsveçin U-16 yığmasına dəvət edilib.
Sonxeber.net xəbər verir ki, sportal.az-a müsahibə verən azərbaycanlı qolkiper gələcəkdə İsveç, yoxsa Azərbaycan millisində oynamaq istədiyindən də danışıb.
- Bir neçə gün əvvəl İsveçin U-16 yığmasına dəvət edilmişdin. Toplanış necə keçdi?
- Təlim-məşq toplanışı yaxşı keçdi. Çox maraqlı alındı. Yığmaya "Örebro"dan üç qapıçı dəvət edilmişdi. Onlardan biri də mən oldum. Seleksiya xarakterli toplanış idi. Məşqlərimiz bir həftə davam etdi. Çalışdım ki, nəyə qadir olduğumu göstərim.
- Səncə, məşqçilər korpusunun etimadını qazana bildin?
- Məşqlərdə və oyunlarda özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Ümid edirəm ki, məşqçilərin güvənini qazana biləcəm. Onu da deyim ki, yığmanın məşqçiləri məni tərifləyirdi.
- Növbəti toplanışa dəvət olunacağına ümidin var?
- Növbəti toplanış mayın əvvəlində olacaq. Həmin toplanışda başqa oyunçuları yoxlamalıdırlar. İyunun əvvəlində isə yekun olaraq, milliyə seçilmiş futbolçuların toplanışı təşkil ediləcək. Görək də, ümid edirəm ki, mənə də dəvət göndərəcklər.
- İsveçin U-16 yığmasında oynamağını yəqin ki, əsas milliyə gedəcək yolun başlanğıcı saymaq olar. Məqsədlərinin arasında İsveçin əsas millisinin qapısını qorumaq var?
- Əlbəttə ki, İsveçin əsas millisində oynamağı çox istəyərdim.
- AFFA-dan necə, sənə dəvət təklif göndəriblər?
- Xeyr, AFFA-dan təklif olmayıb. Azərbaycan millisində oynamağı da çox istəyərdim. Həm də bu millinin formasını fəxrlə, qürurla daşıyardım. Axı mən azərbaycanlıyam.
- Gələcəkdə İsveç və Azərbaycan əsas milliləri arasında seçim etməli olsan, üstünlüyü hansı komandaya verəcəksən?
- Çətin sualdır. Doğrudur, mən azərbaycanlıyam və Azərbaycanı çox sevirəm. Bu millinin formasını geyinmək istəyərdim. Amma düzünü deyim, İsveç millisində də oynamaq böyük fəxrdir. Çünki İsveç millisində oynayacaq ilk azərbaycanlı olardım.
- AVRO-2024-ün seçmə mərhələsində İsveç və Azərbaycan yığmaları eyni qrupda mübarizə aparır. İsveçin Azərbaycanı 5:0 hesabı ilə məğlub etdiyi oyunu izlədin? "Örebro"dakı komanda yoldaşlarınla bu matç haqda danışdız?
- Təbii ki, oyunu izləyirdim. Atamla birlikdə "Friends Arena"dan baxdıq. Stadionda gözəl atmosfer var idi. Azərbaycanlılar da çox gəlmişdi stadiona. Təəssüflər olsun ki, uduzduq. İsveçli dostlarımız Azərbaycan millisinin gənc olduğunu və bir hissədə yaxşı oynadığını bildirdi.
- "Örebro"nun əsas komandasının qapısını qorumaq şansı sənə nə vaxt veriləcək?
- Mənim hazırda 16 yaşım var və "Örebro" akademiyasının U-16, U-17 komandalarının qapısını qoruyuram. Artıq bir neçə həftədir ki, U-19 komandasına da dəvət edirlər. Bir oyunda U-19 komandamızın ikincisi qapıçısı oldum. Əsas məqsədim də "Örebro"nun əsas komandasının qapısını qorumaqdır. Məqsəd gələcəkdə daha güclü liqalarda çıxış etməkdir. Ən çox bəyəndiyim komanda "Barselona"dır. Allah qoysa, məqsədlərim uğrunda sona qədər mübarizə aparacam.