Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atası ölən gün səhnəyə çıxan, sevgisi əfsanəyə çevrilən polad kimi aktyor - FOTO

Atası ölən gün səhnəyə çıxan, sevgisi əfsanəyə çevrilən polad kimi aktyor - FOTO

Tarix: 4 May 2023 23:48

Milli.Az lent.az-a istinadən bu gün anım günü olan Xalq artisti Fuad Poladov haqqında yazını təqdim edir.

2018-ci ildə qış günlərinin sonu idi. Çiskinli bir gündə Ağ şəhər bulvarında gəzərkən Xalq artisti Fuad Poladovla qarşılaşmış, çəkinə - çəkinə yaxınlaşmışdım. Üzündə oynadığı Qacar rolunun zəhmi var idi. Tanışlıq verdim. Nəzakətlə "birlikdə gəzək" dedi. Yaxalandığı onkoloji xəstəliyin acıları üzündən hiss olunurdu. Yarım saata qədər kimsəsiz bulvarda gəzişdik. Çox az danışdıq. Səsini zorla eşitmək olurdu. O danışa bilmədiyi üçün utanmışdım, əzab çəkmişdim.  Əslində susarkən daha çox danışırdı Fuad Poladov. Səsini çıxarmadan mimikaları ilə bir dramatik rolu oynaya biləcək qüdrətdə aktyor idi o.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi, daha sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967 - 1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Çox zəhmli adam olan atası onun aktyor olmasını istəməyib. 1989-cu ilə qədər Akademik Milli Dram Teatrında, 1989-cu ildən ömrünün sonuna, yəni 2018-ci ilə qədər Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Verdiyi müsahibələrindən birində deyərmiş ki, aktyor sevgilisi rolunu oynayan aktrisanı sevməsə belə, ən azından yaxşı münasibətdə olmalıdır. Xalq artisti Amaliya Pənahova ilə küsülülüyünə də sənət naminə son verib. Belə ki, "Azdramada "Təhminə və Zaur" hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Həmin vaxt onlar küsülü olurlar. Fuad Poladov özü gedib Amaliya xanımla barışır və beləcə "Təhminə və Zaur" teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilir.

Bütün cəmiyyətdə onun sənətinə sevgi və hörməti böyük idi. O da sənətinə aşiq idi. Hətta atası ölən gün belə səhnəyə çıxıb. 35 yaşı olanda atası dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlib.

Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın onların qovuşmasına mane olmasının səbəbi özünün də Fuada aşiq olmasıymış. Vəfa Fətullayeva xəstəxanada son günlərini yaşayarkən hər gün gedib çarpayısını yanında oturarmış. Çox əfsanələr dolaşsa da, aktyor özü bu barədə danışmağı heç sevməz, hətta əsəbiləşərdi.

Onun "Azdrama"dan getməsinin səbəbkarı kimi rejissor Azərpaşa Nemətov göstərilsə də, verdiyi müsahibələrdən birində o zamanlar teatrın rəhbəri olan aktyor Həsənağa Turabovun adını çəkib. Gənc həmkarına qarşı teatrda yaşanan haqsızlıqlara göz yuma bilmirdi Fuad. "Bəzi şeyləri görməyim üçün ordan çıxmağım lazım imiş. Ona görə də Həsənağa Turabovun atasına rəhmət oxuyuram. Onunla konfliktim olmasa idi, bəlkə elə qalıb çürüyəcəkdim Azdramada",- deyə o bildirmişdi bir müsahibəsində.

Teatrdan ayrılandan sonra 40 yaşında evlənib. Həyat yoldaşı ilə münasibətləri həmişə yaxşı olub.

Həyat yoldaşı isə bir dəfə verdiyi müsahibədə Fuadın  "Azdrama"dan çıxandan sonra çəkdiyi stressə görə xəstələndiyini bildirib.

Bu gedişdən sonra aktyorun səsi batıb. Daha sonra səhhəti kəskin şəkildə pisləşib. Bir müddət sonra isə həkimlər ağciyərində xərçəng xəstəliyi aşkar ediblər. 

Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Bir dəfə teatrda Mikayıl Mirzə ilə sözləri çəp gəlib. Ümumiyyətlə, araları soyu imiş - fərqli xarakterlərinə görə. Mikayıl Mirzənin ucadan az qala qışqıraraq danışması onun xoşuna gəlməyib və Mikayılın qulağına kobud bir söz pıçıldayıb, asta danışmasını istəyib.

Mikayıl Mirzə heç nə deməyib. Ertəsi günü  Fuad Poladovla  teatrın bufetində qarşılaşıblar. O Fuada deyib ki, sən mütləq evlənməlisən. Çünki sənin kimi kişinin özündən sonra oğlu olmalıdır. Bax belə kişiydi Fuad Poladov ədalət naminə polad kimi əyilməz, mərdanə, yeri gələndə sərt və acı.  

Milli.Az


Etiketlər:  Atası ölən gün səhnəyə çıxan sevgisi əfsanəyə çevrilən polad kimi aktyor FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ