Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR

Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR

Tarix: 10 May 2023 21:56

Bu il dünyada 2 milyard 785 milyon ton səviyyəsində proqnozlaşdırılan ümumi buğda istehsalı indiyəqədərki ikinci ən böyük istehsal həcmi ola bilər.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna dair məlumatda deyilir. Bildirilib ki, aprel ayında Avropada əksər ölkələrdə yüksək miqdarda yağıntıların olması torpağı "doyuzdurub" və bu, 2023-cü ildə buğda məhsulu üçün perspektivləri yaxşılaşdırıb. Bunun nəticəsində FAO-nun Avropa İttifaqı üzrə hasilat proqnozu bir qədər artırılaraq 139,5 milyon tona çatdırılıb.

Eyni zamanda, İspaniya və Portuqaliyada yağıntı çatışmazlığının nəticələri hasilatın perspektivlərinə müəyyən qədər kölgə salıb.

"Rusiyada yağıntıların bərabər paylanması sayəsində ümumilikdə zəmilərin vəziyyəti yaxşıdır. 2023-cü ildə istehsal təxminən 83 milyon ton təşkil edəcək ki, bu da 2022-ci ilin rekord göstəricisindən aşağıdır", - təşkilatın məlumatında deyilir. FAO-nun 2022-2023-cü illər mövsümü üçün qlobal taxıl istehsalı üzrə hazırkı proqnozu ötən ayın proqnozu ilə müqayisədə 7,7 milyon ton artırılıb. Hazırda o, 2 milyard 785 milyon ton təşkil edir ki, bu da ötən ilki rekordla müqayisədə yenə də 1 % azdır.

Qeyd edək ki, ötən il Rusiya-Ukrayna müharibəsi ilə dünya taxıl bazarında böhranı yaşansa da sonradan "Taxıl dəhlizi"nin açılması bu istiqamətdə müəyyən irəliləyişə gətirib çıxardı. Tədricən isə dünya bazarlarında ərzaq buğdasının qiyməti ucuzlaşmağa başladı.

İstehsal həcmində yüksək artım müşahidə edilərsə, ölkəmizdə çörəyin qiymətində ciddi azalma müşahidə edilə bilərmi?

Sonxeber.net xəbər verir ki, Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli cebhe.info-ya bildirib ki, Azərbaycanın çörək bazarı, istehsal sektoru tələb və təkliflə tənzimlənsəydi, qiymətlərə müsbət təsirlə bağlı proqnoz vermək olardı:

"Hazırda dünyada ərzaq buğdasının qiyməti kifayət qədər ucuzlaşıb. Məsələn, 1 il bundan öncə Rusiyanın ərzaq buğdası 400 dollara qədər bahalaşmışdı. Ancaq indi Rusiya buğdasının 1 tonu dünya bazarında 250 dollardır. Bizim idxal etdiyimiz əsasən 4-cü sinif buğdadır. Həmin 4-cü sinif buğda əsasən Rusiyanın daxili bazarında dövriyyədədir. Beləliklə, Azərbaycanda çörək bahalaşdıqdan bəri buğdanın qiyməti dünya bazarında 50 faiz ucuzlaşıb. Ancaq bu, çörəyin qiymətinə təsir edibmi? Hansı mağazada çörəyin qiyməti qalxmışdısa, o qiymətə də satılır. Məsələn, təndir çörəyinin qiyməti yenə də 70 qəpikdir. Bundan sonra da dünya bazarında buğdanın qiyməti ucuzlaşmaqda davam edəcək. Xüsusilə də Rusiyada yüksək məhsuldarlıq gözlənilir. Ötən il Rusiya 45 milyon ton buğda ixrac etdi ki, bu il 40-43 milyon ton planlaşdırırlar. Bu rəqəm ötən ilkindən az olsa da, 10 illik tendensiyaya baxsaq görərik ki, 40 milyon Rusiya üçün yüksək göstəricidir. Bununla yanaşı, dünya bazarının digər iştirakçıları, Hindistan, Meksika, Fransa, ABŞ və digər Avropa ölkələrində də ərzaq buğdasının məhsuldarlığının yüksək olacağı gözlənilir və bu da dünya bazarında qiymətin ucuzlaşmasına gətirib çıxaracaq".

A.Nəsirli qeyd edib ki, Azərbaycan bazarı inhisarçı bazar olduğuna görə istehsalçı qiymət ucuzlaşdıqda öz mənfəətindən itkiyə məruz qalır:

"Ona görə də hökumətin təklifi olmadan un və un məhsullarının qiymətinin aşağı düşəcəyini düşünmürəm. Burada məsələyə hökumət müdaxilə etməlidir. Çünki bazar azad, rəqabətli bazar deyil. Əgər rəqabətli bazar olsaydı çörəyin qiyməti 50 fazi ucuzlaşmalı idi. Hökumətin müdaxiləsi vacibdir. Əslində bazar iqtisadiyyatında hökumət qiymətə qarışmamalıdır. Ancaq bazar iqtisadiyyatında rəqabət olmalı, inhisarçılıq aradan qaldırılmalıdır. Hökumət inhisarçılığı aradan qaldırmağı bacarmırsa, inhisarçıların da əhalini soymasına imkan verməməlidir. Unun 1 kiloqramının maya dəyəri 48 qəpiyə başa gəlir. 1 kiloqram undan da 2,5 çörək hazır olur. Demək ki, 1 çörəyin material dəyəri 22-23 qəpik təşkil edir ki, əl əməyini də nəzərə alsaq ümumilikdə 25-27 qəpiyə başa gəlir. Ancaq istehlakçıya 65-70 qəpiyə satılır. Maksimum olaraq 30 qəpiyə başa gəlsə və 70 qəpiyə satılırsa, demək yarıdan da çox üstünə əlavə dəyər gəlir".


Etiketlər:  Çörəklə bağlı əhaliyə YENİ XƏBƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ