Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirir

Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirir

Tarix: 25 Iyun 2023 16:08

İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb

Son günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı artıb. Bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib. Ötən dövr ərzində əsasən Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsi, güclü küləyin ağacları sahələrə aşırması ilə bağlı məlumat verilib. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib. Qeyd edək ki, ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 000 hektar əkin ərazisi sığortalanıb. Fonddan verilən məlumata görə, baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəymiş zərərlər ödəniləcək.
Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır. Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 çağrı mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir.

Milli.Az


Etiketlər:  Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirir


RƏYLƏR