Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 09:40
UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlardan sonra reytinq siyahısını yeniləyib.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, baş tutan görüşlər əmsallar cədvəlində Azərbaycanın da reytinq xallarının artmasına şərait yaradıb.
Düzdür, "Neftçi" "Beşiktaş"a uduzmaqla, əmzal qazana bilməyib. Əvəzində "Qarabağ"la "Sabah" bunu bacarıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasında Finlandiya HİK-inə matçın son dəqiqələrində vurduğu qolla qalib gələrək 0,250 əmsal əldə edib. "Sabah" isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Partizan" üzərində qazandığı inamlı qələbə əmsal qazancımıza təsir edib. "Bayquşlar" ölkəmizə daha 0,250 əmsal qazandırıb. Beləliklə, cari mövsümdəki ümumi qazanc 2,000-ə yüksəlib.
Son 5 mövsümdəki ümumi reytinq xalı 16,250-yə çatan Azərbaycan reytinqdə 29-cu yerdə qalıb. Belədə 28-ci sıradakı Slovakiya ilə aradakı xal fərqi də 0,250-yə enib. Bir pillə geridə olan Moldova isə xeyli geridədir - 12,375.
UEFA reytinqinə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədi.