Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oqtay Əsədov: Azərbaycan-Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipləri üzərində qurulub

Oqtay Əsədov: Azərbaycan-Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipləri üzərində qurulub

Tarix: 29 Oktyabr 2019 20:27

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Türkiyə arasında münasibətlər bir millət, iki dövlət prinsipləri üzərində qurulub. Tarixi köklərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz, mənəviyyatımız bizim ən böyük sərvətimizdir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı rəsmi qəbulda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi dünyada ikinci belə ölkələr yoxdur ki, bir-biri ilə bu qədər bağlı olsun:

“Dövlətlərimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlığın möhkəm hüquqi təməli var. Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir".

O.Əsədov vurğulayıb ki, iki ölkə arasında ticari əlaqələr inkişaf edir:

“Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında bu göstərici 3 milyard 300 milyon dolları ötüb. Azərbaycan və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firəvan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən "Star" Neft Emalı Zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub ”.

O.Əsədov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını bildirib: “Milli Məclisdə 80-dən çox ölkənin parlamenti ilə dostluq qrupları mövcuddur. Ancaq parlamentdə ən böyük dostluq qrupu Azərbaycan-Türkiyə dostluq qrupudur. Biz həmişə deyirik ki, Azərbaycanın bütün millət vəkilləri özlərini bu qrupun üzvü sayırlar. Azərbaycan və Türkiyənin xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilir. Beynəlxalq təşkilatlarda, beynəlxalq parlament assambleyalarında nümayəndələrimiz sıx əməkdaşlıq edirlər. Bu təşkilatlarda müzakirə edilən problemlərlə bağlı Türkiyə və Azərbaycanın mövqeləri həmişə üst-üstə düşür. Qarşıya çıxan problemləri əl-ələ verərək birgə həll edirik”.

Spiker vurğulayıb ki, Azərbaycan xalqının ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə xalqı və dövləti həmişə Azərbaycanın yanında olub:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə Prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bu dəstəyə görə bir daha Türkiyə xalqına öz dərin minnətdarlığımı bildirirəm. Xalqlarımızın birliyi və bərabərliyi əsrlərin sınağından çıxıb və bugünkü səviyyəyə qalxıb. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan əlaqələrini daha da inkişaf etdirəcək. Bayramınızı təbrik edirəm. Yaşasın Azərbaycan-Türkiyə dostluq və qardaşlığı!”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Oqtay Əsədov Azərbaycan Türkiyə münasibətləri millət dövlət prinsipləri üzərində qurulub


RƏYLƏR