Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir

Prezident: Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir

Tarix: 9 Sentyabr 2023 11:12

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda dövlətimizin başçısı Tacikistan Prezidentini və xalqını öz adından və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb.

Dövlətimizin başçısı məktubunda bildirib: "Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir".

Azərbaycan Prezidenti qeyd edib ki, dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin, tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirib.

"İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Sonda dövlətimizin başçısı tacikistanlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Milli.Az


Etiketlər:  Prezident Tacikistanın beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir


RƏYLƏR