Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2023 12:08
Bakı Fond Birjası (BFB) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə bu ilin sentyabr ayında investisiya forumu keçirməyi planlaşdırır.
Bu barədə Sonxeber.net-a BFB-nin idarə heyətinin sədri Eldar Abdullayev deyib.
"KOBİA ilə birgə Bakı şəhərindən kənarda, Azərbaycanın bölgələrində investisiya forumları təşkil edirik. Biz buraya investisiya şirkətlərimizi, BFB-in üzvlərini dəvət edirik, Agentlik isə öz tərəfindən potensial emitentləri dəvət edir. Sahibkarlara bazar barədə informasiya, o cümlədən birja bazarı və kapitallar bazarına dair məlumat veririk, onlardan necə istifadə etmək lazım olduğunu və hansı imkanların verildiyini izah edirik. Tədbirdə Azərbaycan Mərkəzi Bankı (AMB) da iştirak edəcək və dövlət dəstəyi və zəruri addımlardan bəhs edəcək. Sonra panel müzakirələri başlayacaq və burada investisiya şirkətləri potensial emitentlərlə ünsiyyətdə olaraq öz xidmətlərini təklif edəcəklər", - E.Abdullayev deyib.
Onun sözlərinə görə, BFB-nin bazarda qiymətli kağızlarını yerləşdirmək istəyən potensial emitentlər üçün nəzərdə tutulmuş proqramı var.
"Birja onlarla konsultasiyalara başlayır, sonra "dəyirmi masalar" təşkil edir və burada birja üzvləri iştirak edir. Daha sonra emitentlə görüş təklif edilir. Emitent özü barədə danışır, bu vəsaitin ona niyə, hansı müddətə lazım olduğunu izah edir və səhmlər, yaxud qısamüddətli istiqrazlar formasında əlavə emissiyalar buraxmaq istəyib-istəmədiyini izah edir. Bundan sonra emitent birajmıza çıxır. Bu bizim birinci dərəcəli vəzifəmizdir. Birjada korporativ emitentlər nə qədər çox olarsa, şübhəsiz birja üçün bir o qədər yaxşıdır", - deyə o, əlavə edib.
Xatırladaq ki, 2023-cü ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında qiymətli kağızların dövriyyəsi 7,793 milyard manatı keçib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,96 faiz azdır.
Ümumi dövriyyədə qiymətli kağızların payı 40,85 faiz və ya 3,184 milyard manat olub.
Dövlət qiymətli kağızlarının təkrar bazarında qiymətli kağızların həcmi 119,76 faiz artaraq 654,084 milyon manata çatıb. Korporativ qiymətli kağızların həcmi isə 29,79 faiz artaraq 680,448 milyon manat olub. Ötən illə müqayisədə dövlət qiymətli kağızlarının ilkin bazarında qiymətli kağızların həcmində 2,529 milyard ABŞ dollarına qədər 39,05 faiz azalma qeydə alınıb.