Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 15:04
Bakı. Ceyhun Ələkbərov - Trend:
Xətai rayonunda sökülən dəmir çənlər yaşayış binaların dam örtüklərinin, liftlərin yenilənməsi işləri yekunlaşdıqdan sonra plastmas çənlərlə əvəz edilə biləcək.
Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda Prezidentin sərəncamı ilə çoxmərtəbəli binaların dam örtüklərinin əsaslı təmir işləri həyata keçirilir:
"Bu istiqamətdə çox geniş işlərə başlanılıb, bununla əlaqədar binaların üzərlərindəki dəmir çənlər götürülür, liftlər təzələnir. İlkin mərhələdə 192 binanın dam örtüyündə əsaslı təmir işləri görüləcək. Hazırda Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski küçələri və Gəncə prospektlərində yerləşən 129 binada işlər aparılır. O cümlədən, Xətai rayonunda 129 binanın liftləri yenilənir, hazırda 30 liftin yenisi ilə əvəzlənməsi yekunlaşıb”.
P.İmanov qeyd edib ki, bəzi hallarda sakinlər dəmir çənləri məhz lift damlarının üzərinə yerləşdirir ki, bu da çox böyük təhlükə yarada bilər:
“Hazırda həmin çənlər binanın üzərindən götürülür və işlər yekunlaşdıqdan sonra zərurət yarandığı halda yalnız plastmas çənlər quraşdırıla bilər. Əsas məqsəd sakinlərin təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir. Ona görə də binaların üstündəki yüklənməni aradan qaldırmalıyıq”.
Şöbə müdiri əlavə edib ki, iş icraçılarına dəmir çənlərin götürülməsi zamanı sakinlərin rahatlığının pozulmaması, çənlər tam boşaldıqdan sonra sökülməsi barədə ciddi göstəriş verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin