Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bahalaşmanın yeni dalğası gəlir: Qışda qiyməti daha da artacaq

Bahalaşmanın yeni dalğası gəlir: Qışda qiyməti daha da artacaq

Tarix: 23 Oktyabr 2023 17:34

"Ətin qiymətinin bahalaşması bu günün işi deyil. Əksinə, bunun əsası 7-8 il bundan əvvəl qoyulub. Nə zaman ki pambıq ölkədə strateji məhsul elan edildi və fermalara məxsus torpaqların hamısı pambıq əkininə verildi, o vaxtdan bəri də heyvandarlığı pambığın hesabına sıxışdırıb aradan çıxardılar". 

Bu sözləri Yenisabah.az-la söhbətində Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadi Akif Nəsirli deyib. 

O, ölkənin ət bazarlarında yaranan ət qıtlığı və qiymət artımı ehtimallarından söz açıb. 

Ekspert xatırladıb ki, bu neçə ildə həmin o heyvandarlar da heyvanlarının sayını yavaş-yavaş azaltdılar və mallarını kəsimə verdilər:

"2017-2019-cu illərdə ölkədə ət bolluğu olsa da, daha sonra heyvanların sayının azalması öz təsirini göstərdi. Artıq ət yerli tələbatı ödəyə bilmədi, yavaş-yavaş qıtlıq oldu, hətta biz bunu hər il müəyyən qədər hiss edirdik ki, ət azalır və onun qiyməti bahalaşmağa doğru gedir". 

Onun sözlərinə görə, bu il isə müvafiq tendensiya özünü daha çox çılpaqlığı ilə göstərdi: 

"Məsələn, hər il yay aylarında ətin qiyməti az da olsa, düşürdü. Amma bu il ətin qiyməti, əksinə, yayda bahalaşdı. Doğrudur, yay fəslində ətə tələbat azalır, çünki yay mövsümündə meyvə-tərəvəz məhsulları çıxır. Üstəgəl, Məhərrəmlik ayında da ətə tələbat azalmışdı, amma bu şəraitdə belə ətin kilosu 1 manat bahalaşdı. Bu, o deməkdir ki, ətə tələbat ölkədə tələb-təklif amilini həddindən artıq üstələyib". 

A.Nəsirli iddia edib ki, yay mövsümü bitəndən və toylar başlayandan, eləcə də restoranların fəaliyyəti intensivləşəndən sonra ətin, daha doğrusu quzu ətinin qiymətindəki artım qışa qədər 20 manat olacaq: 

"Əslində, quzu əti indi də 20 manatdır, amma görünən odur ki, artıq 8 aylıq-1 illik qoyun əti də 1 aya 20 manat olacaq. Həmçinin ölkədə yem bazası da azalıb. Artıq 2 ildir ki, əksər bölgələrimizdə yonca biçənəklərindəki ilk biçini həşərat yeyir. Çünki yoncanın birinci biçini ən məhsuldarı sayılır. Ümumiyyətlə, ot bitkiləri, adətən, mövsüm ərzində 3-4 dəfə biçilir və onun birinci biçini ümumi yığılan otun 20-30%-ni təşkil edir". 

Mütəxəssis aydınlaşdırıb ki, biz 2 ildir ki, mövsümün əvvəlində həmin otun 20-30%-ni itiririk: 

"Amma Kənd Təsərrüfatı Nazirliyi buna reaksiya vermir. Lakin onlar bunu araşdırmalı, həşəratı tapmalı və ona qarşı hansı preparatdan istifadə olunmalıdırsa, bunu etməlidir. Amma bunu etmirlər və nəticədə fermer yetim kimi başlı-başına qalır, yonca sahəsinin qırağında dizini döyməkdən başqa çarəsi olmur". 

"Bütün bunların təsiri altında, əlbəttə ki, ətin qiyməti bahalaşır, çünki bu bahalaşma nə qədər ki biz heyvandarlıq üçün şərait yaratmamışıqsa, davam edəcək. Doğrudur, işğaldan azad olunmuş ərazilərdə heyvandarlıq inkişaf edir, amma biz Qarabağda bunu inkişaf etdirməklə yeri tələbatı ödəyə bilmərik. Biz kütləvi şəkildə heyvandarlıqla məşğul olan fermerlərə şərait yaratmalı, onları stimullaşdırmalıyıq. Biz 2015-ci ildə onlara dəyməsəydik, indi onlar təsərrüfatlarını 2-3 dəfə artırmışdılar və ətin qiyməti Azərbaycanda 10 manata düşmüşdü. Lakin biz onları əngəllədik, sıradan çıxardıq. İndi də onları yenidən bu sahəyə qaytarmaqdan ötrü, ilk növbədə, otlaq sahələrini özlərini qaytarmalı, subsidiyalar verməliyik", - fikirlərini tamamlayıb.


Etiketlər:  Bahalaşmanın yeni dalğası gəlir Qışda qiyməti daha artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ