Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şənbə-bazar işləsin, amma əməkhaqqıları artırılsın” – Qadınlarla bağlı vacib təklif

“Şənbə-bazar işləsin, amma əməkhaqqıları artırılsın” – Qadınlarla bağlı vacib təklif

Tarix: 25 Oktyabr 2023 22:24

Bu gün Milli Məclisin komitə iclasında Azərbaycanda şənbə-bazar günləri qadınların işləməməsi məsələsi gündəmə gətirilib. Xarici ölkələrdə belə bir təcrübənin olduğu deyilib. Nümunə belə əsaslandırılıb ki, qadınların ailə həyatında rolu böyükdür, ona görə də uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-a açıqlamasında sözügedən təklifin xoşniyyətlə verildiyin bildirib.

O, təklifi hörmətlə qarşıladığın deyib: "Amma bu, Azərbaycanın öz qanunvericiliyinə, eləcə də qoşulduğu beynəlxalq konveksiyalara uyğun təklif deyil. Azərbaycan gender bərabərliyi haqqında BMT-nin konveksiyasına qoşulub.

Gender bərabərliyinin qorunması haqqında Azərbaycanda qanun qəbul olunub. Eyni zamanda məişət zorakılığının qarşısının alınması, eləcə də digər qanunlarda qadınla kişilərin hüquq və vəzifələrinin bərabərliyi haqqında müddəalar var. Sovet dönəmində bir siyahı vardı, xüsusilə ağır və təhlükəli işlərdə işləmək qadınlara qadağan olunurdu. Təxminən 760 peşə və vəzifədə qadınların işləməsinə icazə verilmirdi. Bu da bizim qəbul etdiyimiz qanunlara və gender bərabərliyi haqqında konveksiyaya uyğun deyildi.

Bunu nəzərə alaraq ötən il Əmək Məcəlləsinə dəyişikliklər etdik. Qadınlar və kişilər arasındakı əmək bölgüsündəki ayrı-seçkilik aradan qaldırıldı. Yalnız hamilə qadınların müəyyən işləri görməsinə məhdudiyyət qoyuldu. Qalan hallarda qadın və kişinin əmək bərabərliyi qorundu.

Azərbaycan reallığında demək olar ki, bazar günləri işləyən qadınların və müəssisələrin sayı o qədər çox deyil. Şənbə günləri qadınlar və kişilər əksər vaxt ya istirahət edirlər, ya da günortaya qədər işləyirlər. Bu mənada hesab edirəm ki, belə bir məsələnin qanunlaşdırılması doğru olmazdı. Dünyada getdikcə artan qadın və kişi hüququnun bərabərləşdirilməsi meyllərinə zidd bir addım olardı".

Başqa bir problemə diqqət çəkən deputat qeyd edib ki, Azərbaycanda qadın və kişi əməyinin qiymətləndirlməsində ciddi fərq var: "Ümumi dünya üzrə qadın və kişilər arasındakı əməkhaqqı fərqi təxminən 80 faiz təşkil edir. Yəni qadınların aldığı əməkhaqqı kişilərlə müqayisədə 80 faiz aşağıdır. Azərbaycanda isə bu rəqəm 60 faizdir. Çalışmalıyıq ki, qadınların əməkhaqqılarının artırılması istiqamətində işləri gücləndirək. Nəticədə qadınlar kişilərə yaxın əməkhaqqı alsınlar. Bu, digər sosial bərabərsizlik yaradan müddəadır. Qalan hallarda düşünmürəm ki, qadın və kişi əməyinin, eləcə də məzuniyyətinin fərqləndirilməsinə ciddi ehtiyac var.

Başqa bir nüansa diqqət yetirə bilərik. Hamiləliyə və doğuma görə məzuniyyətin müddətinə baxıla bilər. Vaxtilə bu məsələ qaldırılmışdı ki, hamiləlikdən əvvəl və sonrakı müddətdə məzuniyyət 70+70 gün olmaqla 140 gün olsun. Azərbaycanda isə bu müddət 126 gündür. Bu məsləyə baxıb doğuşdan sonrakı məzuniyyəti daha iki həftə artırmaq olar. Düşünürəm ki, qalan məsələlərdə ciddi problem yoxdur".

Milli.Az


Etiketlər:  Şənbə bazar işləsin amma əməkhaqqıları artırılsın Qadınlarla bağlı vacib təklif


RƏYLƏR