Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 12:03
Terrorizm qlobal miqyasda təhlükələrdən biri, bəşəriyyətin üzləşdiyi ən ağrılı və ən mürəkkəb çağırışlardan biridir.
Terrorizmin dini, irqi, etnik mənsubiyyəti olmur. Çünki terror aktı törətmək niyyətində olan və niyyətini gerçəkləşdirən mənhus şəxslərin məqsədi sadəcə, bu və digər dinə, irqə, etnosa mənsub insanları hədəfə almaq deyil.
Terrorun hədəfi bütün insanlardır. Və bu səbəbdən də terrorizmə qarşı istisnalar, şərtlər və fərqlər olmadan, bütün normal dövlətlər, cəmiyyətilər mübarizə aparmalıdır.
Milli Məclisin deputatı Arzu Nağıyev yəqin bunu demək istəyib.
Amma və lakin, o, həmişəki ampluasına sadiq qalaraq absurd ifadələrə yer verib.
"8 terror təşkilatını bütün dünya qəbul eləyir" (!) söyləyən deputat daha sonra "dahiyanə" açıqlamalarından birini söyləyir: "Baxmayaraq ki, dünyada müxtəlif etiqadlara sitayiş edirlər, bu 8 terror təşkilatının 8-i də müsəlmanlarla bağlıdır. Yəni bunu bütün dünyada, bütün qitələrdə qəbul edirlər".
Nədir bu? Bisavadlıq, siyasi cahillik, məlumatsızlıq, yoxsa nitq bacarığının və elementar cümlə qurmaq səriştəsinin olmaması?!
Axı kim, nə zaman və necə deyib, ümumiyyətlə, deyə bilər ki, "dünyadakı bütün terror təşkilatları müsəlmanlarla bağlıdır"?! Bu absurd iddianı dilə gətirmək olar - Arzu Nağıyev bundan da "dahi" fikirlərin müəllifidir - ancaq heç olmazsa, İnternetdə səthi, tələsik axtarış edərək "dünyada terror təşkilatları" sorğusunu gerçəkləşdirmək olar.
Terroru konkret dini mənsubiyyətlə bağlamaq, xüsusilə də "bütün terror təşkilatları müsəlmanlarla bağlıdır" söyləmək irrasionallığın pik həddidir.
Arzu Nağıyevdir, danışır, bunu bildik.
Bəs Real TV belə açıqlamaların sonrakı mümkün fəsadlarını, nəticələrini düşünürmü?!
Ümumiyyətlə, telekanallarımız bəhs etdiyiimz "siyasət bilici"lərini studiyaya dəvət etməzdən əvvəl qərar verilərkən seçim edirlərmi?
Ayıbdır.
Vallahi və billahi, ayıbdır...