Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samirə Bağırovanın bakirəlik haqqında dediklərinə ilahiyyatçıdan sərt reaksiya - Xəyanətdir...

Samirə Bağırovanın bakirəlik haqqında dediklərinə ilahiyyatçıdan sərt reaksiya - Xəyanətdir...

Tarix: 1 Noyabr 2023 14:14

Tanınmış psixoloq Samirə Bağırovanın bakirəlik barədə səsləndirdiyi fikirlər müzakirə yaradıb. "Künc-bucaq" layihəsinə verdiyi müsahibəsində "Dünya dəyişir, yeni qaydalar gəlir. Elə məktəbdə oxuyanda demişdim ki, zaman gələcək Azərbaycanda bakirə xanıma birtəhər baxacaqlar. Mən o vaxt xarici ölkələrə gedənlərlə danışırdım, onlar deyirdilər ki, orada 20-21 yaşında bakirə olan qıza qəribə baxırlar. Oğlanlar düşünürlər ki, deməli, bu qızın psixoloji problemləri var, buna görə heç kəs ona yaxın getməyib. Müəyyən yaş dövründə tələbatlar var, o tələbatlar ödənməyəndə həm oğlanda, həm qızda problemlər yaranır. Gəlin təsdiq edək ki, artıq elə bir zəmanə gəlib, bu o qədər də önəm daşımır. Bəylər özləri gəlib deyir ki, mənə qadının bakirəliyi yox, sağlam düşüncəsidir lazımdır..." deyən psixoloq ciddi tənqid olunur. Bildirilir ki, onun fikirləri cəmiyyətə pis örnəkdir, İslam dininə ziddir, gəncləri zinaya təşviq etmək, zinanın təbliğatını aparmaqdır...

Sonxeber.net bildirir ki, psixoloqun fikirləri ilə razılaşmayan ilahiyyatçı Təyyar Hüseynli Pravda.az-a müsahibəsində Samirə Bağırovaya xəbərdarlıq edib. 

"Psixoloq özü hansı tərzdə düşünür, onun bu mövzuya yanaşma tərzi necədirsə, fərdi düşüncəsindəki parametrlərə görə açıq Azərbaycan cəmiyyəti haqqında ümumi fikir bildirməsin. Ona bir ilahiyyatçı kimi ciddi xəbərdarlığımı çatdırın. Bu, onun yaradıcılığında olan bir peşə deyil, desin ki, "vaxtında düşünürdüm, bir vaxt gələcək bakirə xanıma birtəhər baxacaqlar..." Axı bu, Azərbaycan-müsəlman cəmiyyəti üçün müsbət nailiyyət deyil. "İnteqrasiya", "müasirlik" dediyimiz Qərb təfəkkürü ilə Şərq təfəkkürünün müqayisəsini belə məsələlər üzərində aparmaq doğru deyil. Azərbaycan cəmiyyəti illər öncə də, gəlib çıxdığımız dövrdə də dəyişilməzdir. Qeyrət, namus, vicdan, qısqanclıq, təəssübkeşlik, təəssüfkeşlik - bunların hər biri müsbət dəyərlərdən qaynaqlanan xüsusiyyətlərdir...", - o deyib. 

T.Hüseynli bildirib ki, psixoloqun toxunduğu məsələnin dərin ilahi tərəfləri var: "Qız uşaqları dünyaya gəlirlər və müəyyən dövrdən sonra onların ailə qurmaları ilə bağlı ilahi paklıq, saflıq sərhədi var. Bu sərhəd "Qurani-Kərim"də Nur surəsinin 32-ci ayəsində göstərilib. Ailə qurmaqla bağlı ilahi, dini göstərişlərlə bərabər milli, mənəvi dəyərlər, tarixdən süzülüb gələn dəyərlərin göstəricisi olan adət-ənənə də əsasdır. Psixoloqun fikirləri isə həm ilahi göstərişə, həm də adət-ənənəyə, Azərbaycansayağı milli ailə modelinə, sağlam gəncliyinə, müsəlman aləminin sərhədlərinə xəyanətdir. Həmin fikirlər əslində psixoloqun acı təəssüratları olmalı idi. Deməli idi ki, "çox təəssüf hissi ilə qeyd edirəm, vaxtilə məktəbdə oxuyanda müəyyən dövr sonra ölkəmizdə bakirəliyə sıradan məsələ kimi baxılacağını bildirmişdim..." Yəni belə çıxır ki, yeniyetməlik, gənclik dövründə zina et, nə istəyirsən, et, axırda da gəl de ki,  mən abırlı, həyalı bir xanımam, həyat yoldaşıyam, bir ailənin gəliniyəm, oğul-qız anasıyam, mənim vicdanım, keçmişim çox normaldır. Zina haqqında İslam dinində ciddi qadağa var. Zina edən qadın və kişi bunu da öz arşınlarına görə ölçüb deyirlər ki, "burada nə var, belə istəyirik, edirik..." 4 nəfər ədalətli, abırlı, doğru-düzgün, dürüst adam şahidlik etsə, görsə ki, bir qadınla kişi zina edir və etməkdədir, dinimizə görə, bunun sonu hətta daşqalağa qədər gedib çıxır. İslamda zina edənlər üçün ciddi cəza var. Hətta İlahi bəla, "Quran"da ayə, ciddi tənbeh tədbirləri var". 

İlahiyyatçı düşünür ki, heç Avropa cəmiyyəti də xəyanəti bağışlamır: "Sivil Avropa cəmiyyətinə inteqrasiya etmiş müsəlman ölkələri olsa belə, doğruluq, dürüstlük, saflıq, nəyinsə düşkünü olmamaq, "Quran"da deyildiyi kimi, həddi aşmamaq kimi dəyərlər özünü qoruyub-saxlayır, kişi-qadın münasibətində, yaxud digər məsələlərdə insan qədərindən artıq nəsə edərsə, bu, qəbulolunmazdır. Bunu heç bir cəmiyyət qəbul etmir. Psixoloqa fikirlərimi çatdırın ki, Təyyar Hüseynli deyir: "ictimai-sosial kriteriyalara zidd fərdi fikirlərini rahatlıqla bildirməsin!" Bunu ağrı-acı ilə bildirsin. Dünəninə, özündən əvvəlki analara, nənələrə, bibilərə, Azərbaycan mühitinə sual versin. Digər Qafqaz xalqalarına, dəyərlərini xərcləməmiş ailələrə baxsın. Psixoloq xanımın bildirdiyi fikir lazımsız tör-töküntüdə, Avropa cəmiyyətinin bir qismində, istisna faizində var. Onun fikirləri normal deyil, heç danışılası məsələ də deyil. Ola bilər, özü bu barədə düşünsün, amma psixoloqun dilindən deyilməsini normal qarşılamıram". 


Etiketlər:  Samirə Bağırovanın bakirəlik haqqında dediklərinə ilahiyyatçıdan sərt reaksiya Xəyanətdir


RƏYLƏR