Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 22:58
"Xural Yayınları" MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının vəkilləri prosesin onun iştirakı ilə keçirilməsi barədə vəsatət qaldırıb.
Amma məhkəmə vəsatəti təmin etməyib. Hakim deyib ki, artıq qərar verilib, məhkəmə prosesi onsuz keçiriləcək.
Vəkillər bildirib ki, Əvəz Zeynallı özünün iştirak etmədiyi məhkəmə iclaslarında müdafiəçilərinin də iştirakını istəmir. Əgər onlar məhkəmədə iştirak edirlərsə, bu halda, onlardan imtina edir. Əgər hüquqlarını müdafiə etdikləri şəxs onlardan imtina edirsə, bu halda, prosesdə iştirakları doğru deyil. Çünki müdafiəçinin mövqeyi müvəkkilinin istəyinə bağlıdır.
Vəkillərlə bağlı məsələnin müzakirəsindən ötrü Əvəz Zeynallı məhkəmə zalına gətirilib.
Əvəz Zeynallı deyib ki, məhkəmədə onun hüquqları pozulur, buna görə ondan üzr istənməlidir: "Mənim iştirakım olmadan məhkəməmi necə keçirə bilərsiniz? Keçmişə qayıdırsız? Prokuror məni təhqir etdi, mən də cavabını verdim. Siz Rasim Məmmədovu burada müdafiə edirsiniz".
Əvəz Zeynallı məhkəməsinin öncəki qaydada keçirilməsini istəyib. Ancaq hakimlər razılaşmayıb.
Hakim Əli Məmmədov bildirib ki, Əvəz Zeynallı yalnız vəkillərdən imtina məsələsinin müzakirəsindən ötrü zala gətirilib. O, Əvəz Zeynallıdan vəkillərdən imtina ərizəsini istəyib. Ərizə məhkəməyə təqdim olunub.
Əvəz Zeynallı deyib ki, özünün olmadığı məhkəmədə vəkillərinin də iştirak etməsini istəmir: "Xahiş edirəm, vəkillərim Aqil Layıc, Fəxrəddin Mehdiyev və Rəşad Əliyevin bu prosesdə müdafiəçi kimi iştirakına xitam verilsin".
Hakimlər də ərizəni qəbul edib, vəkillərin iştirakına xitam verilib.
Növbəti proses noyabrın 24-də davam edəcək.
Qeyd edək ki, noyabrın 3-də məhkəmədə "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov şahid kimi dindiriləndə Əvəz Zeynallı ilə onun, eləcə də prokurorun arasında kəskin mübahisələr yaşanmışdı.
Prokuror Əvəz Zeynallının "özünü məhkəmədə apara bilmədiyini" deyərək, onun zaldan çıxarılmasını, məhkəmə prosesinin onsuz keçirilməsini istəmişdi.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da bundan sonra Əvəz Zeynallının işi üzrə məhkəmə iclaslarının özünün iştirakı olmadan keçirilməsinə qərar vermişdi.
İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC - poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.
Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.