Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin kapitanı olan ərəb Azərbaycana sığındı, Fələstini seçdi: Ataanın film kimi həyatı

İsrailin kapitanı olan ərəb Azərbaycana sığındı, Fələstini seçdi: Ataanın film kimi həyatı

Tarix: 13 Noyabr 2023 22:16

Bu il oktyabrın 7-də baş verən və Fələstin-İsrail münasibətlərinin növbəti dəfə kəskinləşməsinə səbəb olan hadisələr idmandan da yan keçmir. Bəzi futbol matçları təxirə salınır, hadisələrlə bağlı paylaşım edən idmançılar, pankartlar açan azarkeşlər cəzalandırılır. Ölkələrin siyasi mövqeyi də bu məsələdə böyük rol oynayır.

Sonxeber.net publika.az-a istinadən bildirir ki, "Siyasətdən kənar idman" şüarını fəal şəkildə təbliğ edən bir sıra qurumlar nə qədər mane olmaq istəsələr də, futbol dünya həyatının qeyd-şərtsiz bir hissəsinə çevrilib. Müasir cəmiyyətdə baş verən bütün proseslər gec-tez futbolda öz əksini tapır.

İsrail və Fələstin milli komandalarında oynayan ilk futbolçu olaraq tarixə düşən Ataa Caberin hekayəsi də tamamilə unikal bir hadisədir. Azərbaycan futbol ictimaiyyəti bundan xəbərdardır. Çünki 29 yaşlı yarımmüdafiəçi artıq ilyarımdır "Neftçi"də çıxış edir.

Ataa Caber 3 oktyabr 1994-cü ildə İsrailin şimalında yerləşən və əsasən ərəblərin məskunlaşdığı Məcd Əl-Qurum şəhərində anadan olub. Caberin ailəsi Fələstin mənşəlidir. Lakin bu, Ataanın İsrailin ən titullu klublarından biri olan "Makkabi Hayfa"nın akademiyasında futbola başlamasına mane olmayıb. Caber 6 yanvar 2013-cü ildə, 18 yaşında olarkən Hayfa təmsilçisinin formasıyla İsrail çempionatında debüt matçına çıxıb.

2015-ci ilin martında o, İsrailin U-21 millisində ilk oyununu keçirib. Kiprli həmyaşıdları ilə yoldaşlıq matçında start heyətində meydana daxil olan Ataa 42-ci dəqiqədə qol vurnağı da bacarıb. Caber rəsmi oyunlarda komanda yoldaşlarını kapitan sarğısı ilə meydançaya çıxarıb. Ataa bununla İsrail futbolunun tarixinə düşüb. Yarımmüdafiəçi ölkənin milli komandalarında kapitan sarğısını daşıyan ilk etnik ərəb olub.

Bu hadisə İsrail futbol ictimaiyyətində böyük səs-küyə və geniş müzakirələrə səbəb olub. Sonradan Caber İsraili beynəlxalq səviyyədə təmsil etməkdən imtina edib. Bununla da onunla bağlı müzakirələr dayanıb.

Ataa İsraildə anadan olsa da, o, "48-ci il fələstinliləri" adlandırılan şəxslərdəndir. Buna səbəb 1947-ci ildə BMT tərəfindən təsdiq edilmiş Fələstinin Bölmə Planında İsrail olaraq təyin edilmiş ərazilərdə yaşayan ərəb ailələrinin üzvlərindən və ya nəslindən olmasıdır.

Caber daha sonra özünün də dediyi kimi, 2021-ci il münaqişəsi, yəni Qüdsdəki Şeyx Cərrahın Fələstin məhəlləsindəki iğtişaşlardan sonra İsrail milli komandasında çıxış etməyin mümkün olmayacağını dərk edib. Həmin vaxt İsrail Ali Məhkəməsi bölgədə yaşayan fələstinli ailələrin təxliyəsi barədə göstəriş verib. Bu qərara cavab olaraq münaqişə qarşılıqlı hücumlara çevrilib.

"İsraildə idman və siyasətin bir-birinə qarışmaması fikrini yayırlar. Deyirlər ki, sən öz camaatını təmsil edirsən, səsin olacaq və dövlət himnini oxumağa ehtiyac yoxdur. Şeyx Cərrahda baş verənlərdən sonra anladım ki, siyasətlə idmanı bir-birindən ayırmaq mümkün deyil. Hətta "48-ci il fələstinliləri"ni təmsil etmək istəsəm belə, bunu etmək üçün daha yaxşı yollar var", - deyə Ataa Caber sentyabrda, İsrail və HƏMAS arasında mövcud silahlı münaqişə başlamazdan cəmi üç həftə əvvəl "Arab News"a açıqlamasında deyib.

Caberin karyerasına gəlincə, "Makkabi Hayfa"da çıxış etdikdən sonra 250 min avroya "Bney Saknin"ə, 2021-ci ilin avqustunda isə azad agent kimi "Aşdod"a keçib. Orada bir mövsüm keçirdikdən sonra İsraili tərk edərək Azərbaycana - "Neftçi"yə üz tutub. Onun "ağ-qaralar"la 2024-cü ilin yayına qədər müqaviləsi var.

O, ölkəmizdə çıxış etdiyi müddətdə karyerasıyla bağlı yeni qərar verib. Ataa milli karyerasını Fələstin yığmasında davam etdirməyi seçib. Caberi bunu etməyə Fələstin millisinin qapıçısı, həm də İsraildə doğulmuş, lakin heç vaxt bu ölkənin milli komandalarında çıxış etməyən Rami Həmada həvəsləndirib. Hamada, Caberə FİFA-ya futbol vətəndaşlığını dəyişdirmək xahişi ilə müraciət etməyi tövsiyə edib. Hər şey maksimum məxfi şəraitdə baş verib. Bununla futbolçunun şəxsi maraqlarına zərər vurulmasının qarşısı mümkün qədər alınıb.

Nəticədə iki illik prosedurdan sonra Ataa Caber FİFA-dan icazə ala bilib. 2023-cü ilin iyununda Fələstin millisinin heyətində İndoneziya ilə yoldaşlıq oyununda (0:0) debüt edib. Caber artıq Fələstin millisində dörd oyun keçirib.

Ataa Caberli Fələstinin İsrail millisi ilə qarşılaşması nəzəri cəhətdən mümkündür. Bu, yalnız böyük turnirlərin final mərhələsində baş tuta bilər. Hazırkı şəraitə görə praktiki olaraq qeyri-real görünür. Çünki İsrail və Fələstin yığmaları müxtəlif futbol assosiasiyalarına aiddir. İsraillilər UEFA-nın himayəsi altında keçirilən turnirlərdə mübarizə apardığı halda, fələstinlilər 1998-ci ildən AFC-nin, Asiya Futbol Konfederasiyasının üzvüdür.

Bundan əlavə, Fələstin millisi milli komanda üzvlərini toplamaqda çətinlik çəkir. İsrail klubları bir sıra oyunçuların ora getməsinə icazə vermir. Bu, sözügedən yığmanın daha yaxşı nəticələr qazanmasına mane olur.

Düzdür, fələstinlilər 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək Asiya Kubokunun final mərhələsinə ardıcıl üçüncü dəfə vəsiqə qazana biliblər. Komanda C qrupunda İran, BƏƏ və Honq-Konqla mübarizə aparacaq. "Neftçi"nin futbolçusu Ataa Caberin səhhətində problem olmazsa, o, bu turnirdə oynayacaq.

Yarımmüdafiəçi buna qədər gələn həftə keçiriləcək Livan və Avstraliya ilə matçlarda (DÇ-2026-nın seçmə mərhələsi) iştirak edəcək.


Etiketlər:  İsrailin kapitanı olan ərəb Azərbaycana sığındı Fələstini seçdi Ataanın film kimi həyatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ