Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Din nəsihətdir!

Din nəsihətdir!

Tarix: 26 Noyabr 2023 05:02

Öyüd-nəsihət İslam dininin dirəyi və əsasıdır. Bu haqda Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Din nəsihətdir" deyə buyurmuşdur. Nəsihət sözü "nush" sözündən əmələ gələrək xalis, qatqısız olan bir şeyə deyilir. Ərəblər bal və ona bənzər şeylərin yad maddələrdən təmiz tutulması üçün istifadə etdikləri bu sözü həm də söz və davranışın pis əməllərdən təmizlənməsi üçün istifadə etmişlər. Həmçinin, bu söz tikmək mənasını ifadə edir. Dərzi paltarın korlanan yerlərini tikib yamadığı kimi nəsihət edən də nəsihət etdiyi adamın qüsurlarını düzəldir. İnsanlar arasında ən çox nəsihət edənlər peyğəmbərlər olmuşlar. Uca Allah sonuncu peyğəmbəri Muhəmmədi ən doğru kəlamı olan Qurani Kərim ilə aləmlərə rəhmət olaraq göndərmişdir. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir." (Yunus, 57). Peyğəmbər 13 il Məkkə şəhərində, 10 il də Mədinə şəhərində İslam dinini təbliğ etmişdir. Qurani Kərimin "Yaradan Rəbbinin adı ilə oxu!" ayəsi ilə başlayan ilahi vəhy 23 il ərzində ayə-ayə, surə-surə Peyğəmbərimizə nazil edilərək bütün dünyaya nur saçmışdır. İnsanlar Quranın öyüd-nəsihəti və Peyğəmbərin tərbiyyəsi ilə bütpərəstliyin, cəhalətin və haqsızlığın zülmətindən hidayət nuruna qovuşaraq bəşəriyyətin ən dəyərli şəxsiyyətləri olmuşlar. Uca Allah Qurani Kərimdə insanlara öyüd-nəsihət verərək buyurur: "Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa zəlil və tənha qalarsan. Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"- de. Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır. Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin malını lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur. Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan. Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Şübhəsiz ki, O, Öz qullarını tanıyır və görür. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır. Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur! Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur. Yetim həddi-büluğa çatana qədər, - xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, - onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır. Ölçdükdə ölçüyə tam riayət edin, çəkdikdə düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək - bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. Bütün bu qadağan edilmiş pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir. Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan." (əl-İsra, 22-39).


Etiketlər:  nəsihətdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ