Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Toylar kralı"na görə 14 min manat itirən Babək: "Ata-anam dedi ki..."

Tarix: 5 Dekabr 2023 23:55

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan şəxsin ifasından danışır. 

"Gəlmədi" mahnısı... Oxuyan Babək Əlisultanovdur... Xaçmazda yaşayır. Ali təhsilli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib, mərhum sənətkar, Xalq artisti Əlibaba Məmmədovun tələbəsi olub. Amma niyə bu səsin sahibi böyük səhnədə yoxdur? 

Milli.Az xəbər verir ki, Babək Əlisultanov Qaynarinfo-ya müsahibəsində məşhur olmamasının səbəbini mərhum ata-anası ilə əlaqələndirib.

- Bu mənim təvazökarlığımdan irəli gəlir, belə şeyləri sevmirəm. 42 yaşım var. Artıq yaş o yaş deyil. Baxıram cavanlara, hamısını başqa aurada görürəm. Nə bilim, həyat dəyişib. Vaxtında mən də belə olsaydım, indikilərin hərəkətini etsəydim, məşhurların sırasında idim. Canımda olmadı, özüm də istəmədim irəli gedim. 

- Xalq artisti Əlibaba Məmmədovun tələbəsi olmusunuz. Bəs, rəhmətlik hələ sağlığında sizə demədi ki, "getməyin rayona, gözəl səsiniz, sənətiniz var, fəaliyətinizi Bakıda davam etdirin?" 

- Bu, mənim problemim oldu, ata-anama bağlı adamam, bundan əlavə ailənin də son uşağıyam. Getməyə bilməzdim. Ata-anam da pandemiya vaxtı rəhmətə getdi, ondan sonra hara, kimin yanına qayıdardım? Ailəcanlıyam, sənət mənim üçün ikinci dərəcəlidir. Oğlum 10-cu, qızım 9-cu sinifdə oxuyur, rayona bağlı adamam, bundan sonra Bakıya necə gəlim? Burada hamı məni tanıyır, sevir, toylara gedirəm. Amma mən də populyar olmağımı çox istəyərəm. Vaxtında adam tapa bilmədim. Pulum, imkanım da var, amma etibar etmədim kiməsə. Düşündüm ki, məni aldadarlar. İki dəfə aldatdılar, 30 min manatdan çox pulumu yedilər. Balalarımın boğazından kəsib kiməsə verib, populyar olmaqdansa, kişi kimi ölmək yaxşıdır. 

- Xanəndələrin böyük əksəriyyəti rayonda yaşayır. Bakıda dərsini deyir, rayona qayıdır... 

- Düzdür, belələri var, amma hər oxuyandan Molla Pənah olmaz. Bakıda məndən də güclü oxuyanlar var, hansı ki, indi-indi Asəf Zeynallıda dərs keçir. Özümə görə sənətkaram. Muğamları gözəl bilirəm, şagirdlərim var. Mən də bildiyimi şagirdlərimə öyrədirəm. 
Ətraflı

- Xanəndələrdən sizə kömək edən, dəstək duran olmadı? 

- Əlibaba müəllim deyirdi ki, "rayona getmə ha, batacaqsan". "Asəf Zeynallı"nın rektoru Nazim Kazımov gözəl insandı, ailəvi dostuq. O da məni konsertlərə, yubileylərə göndərdi. Əlindən gələni etdi ki, Bakıda qalam. Özümü yuxarılarda görürdüm. Ata-anam dedi ki, "yaşlanmışıq, bizə baxan yoxdur. Evlən, ailə qur". 

- Belə bir səsin sahibini niyə efirlərə dəvət edən yoxdur? 

- Efirlər pulnandır. Bir neçə il öncə "Xaçmaz TV"fə "Toylar kralı" keçirilirdi. Bir saata 14 min 800 manat xərclədim. Dedilər ki, birinci yerə çıxan iştirakçıya "Qızıl mikrafon", mahnı, klip hədiyyə ediləcək, bir ildə pulsuz efir vaxtı veriləcək. Hər şey onların boynuna idi. Qalib oldum, amma şirkət mənə heç nə vermədi. 14 min pulu hansı efirə xərcləsəydim, indi məşhur xanəndə idim.

- Bəs, sizə 14 min manatı xərclətdirənlər, niyə vədə əməl etmədilər? 

- Etmədilər. Onlar ən yaxın adamlarım idi. Məni aldatdılar, həyatdan küsdüm. Özümə söz verdim ki, bundan sonra balamın boğazından kəsib kiməsə xərcləməyəcəm. Elə də oldu, efirlərə çıxmadım. İndi belə bir səsin sahibini heç kəs tanımır. 16 ilə yaxındır ki, toylara gedirəm. Yaxşı da toylara gedirəm, ansambılım var. Hər toydan onlara vəsait ödəyirəm, onların özü mənim bir ifamı çəksəydilər çoxdan populyar idim. Baxıram ki, onlardan da haray yoxdur. Özümün də canımda yoxdur. Düşünürəm ki, bundan sonra nəsə iş görə bilərəm. Heç vaxt gec deyil. Yeni ifalarla tamaşaçıların görüşünə gələcəyəm. 

Milli.Az


Etiketlər:  Toylar kralına görə 14 min manat itirən Babək Ata anam dedi ki


RƏYLƏR