Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda xüsusi dizaynla hazırlanmış gizli bıçaqların satışı aparılır - VİDEO

Bakıda xüsusi dizaynla hazırlanmış gizli bıçaqların satışı aparılır - VİDEO

Tarix: 6 Dekabr 2023 12:32

Mağazalarda kəsici-deşici funksiyalara malik olan, amma mətbəx üçün nəzərdə tutulmayan suvenir bıçaqların açıq şəkildə satışı həyata keçirilir. Maraqlısı odur ki, bu tip alətlərin satışının "TikTok" sosial şəbəkəsində təbliğatı aparılır. Bəzi bıçaqların isə gizli formada olması birmənalı qarşılanmayıb. Plastik kart formasında görünüşə malik olan bu bıçaqların xüsusi gizli dizaynla hazırlanması izləyiciləri qorxuya salıb. Cüzdana yerləşmək imkanına malik olan bu bıçaqlar suvenir kimi təqdim olunsa da, sosial şəbəkə istifadəçiləri bunun heç də yaxşı məqsədlər üçün istifadə edilmədiyini söyləyiblər. Bu alətləri almağa maraq göstərənlərlə yanaşı, onun satışını pisləyənlərə də rast gəlmək mümkündür. Bəs görəsən, bu bıçaqların satışı və istifadəsi niyə qadağan edilmir?

Milli.Az xəbər verir ki, hüquqşünas Şamil Paşayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, gənclərin üzərlərində bıçaq gəzdirməsi çox aktuallaşıb. O, məktəbli oğlanlar arasında da bu hallara rast gəlindiyini təəssüflə qeyd edib.

Hüquqşünasın sözlərinə görə, cinayət tərkibli hadisələrin daha çox ictimailəşməsi, kriminal xarakterli serialların yayımlanması gənclərə təsirsiz ötüşmür: "Gənc oğlanlar çalışırlar ki, seriallardakı həmin obraza oxşasınlar. Halbuki üzərində soyuq silah gəzdirməyin 1 il müddətinə azadlıqdan məhrum edilmək kimi cəzası var".

Hansı silahlar soyuq silahlar sayılır?

Ş.Paşayev bildirib ki, təyinatı və məqsədi məişətdə istifadə üçün nəzərdə tutulmayan, yalnız fiziki zərbə ilə xəsarət yetirməyə hesablanmış bıçaqlar, xəncərlər, baltalar soyuq silah hesab olunur: "Bundan başqa, beşbarmaq, süngər, qılınc da soyuq silahdır. Şəxsin bu silahları üzərində gəzdirməsi qanunsuzdur. Mətbəxdə istifadə üçün nəzərdə tutulan bıçağın, ağac doğramaq üçün istehsal olunan baltanın təyinatı məlum olduğuna görə şəxs məsuliyyətə cəlb oluna bilməz. Bıçağın tiyəsinin uzunluğunun 4 barmaqdan artıq olması həmin kəsici alətin soyuq silah olduğunu göstərmir. Bu fikir çox absurddur. Silahın soyuq olub-olmamasının tiyənin uzunluğuna aidiyyatı yoxdur". 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, predmetin soyuq silah olması birbaşa onun təyinatından asılıdır. Onun sözlərinə görə, sosial şəbəkədə açıq satışı həyata keçirilən məlum bıçaqların da dövriyyəsinə qadağa qoyulmayıb.

Cinayət məsuliyyəti yaradan bıçaqlar hansılardır?

Hüquqşünas deyib ki, əgər həmin bıçaq vasitəsilə kiməsə xəsarət yetirilərsə, bu halda silah qismində istifadə olunan əşya kimi cinayət məsuliyyəti yaradacaq: "Suvenir mağazalarında daha böyük ölçülü bıçaqlar, xəncərlər satılır. Bu alətlər kriteriya və ölçülərinə görə soyuq silah hesab olunmursa, bu zaman şəxsin öz üzərində daşıması heç bir halda məsuliyyət yaratmır. "TikTok"da satışı həyata keçirilən bıçaqlar da buraya daxildir. Yəni soyuq silah hesab olunmayan bıçaq, hər hansısa kəsici-deşici alət xəsarət yetirmək üçün istifadə olunmayıbsa, bu alətin şəxsin üzərində daşınması cinayət məsuliyyəti yaratmır".

Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən şəxsin üzərində qanunsuz olaraq soyuq silah gəzdirməsi cinayət məsuliyyəti yaradır: "Xidməti və mülki silah haqqında" Qanuna əsasən, soyuq silah dedikdə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları, sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar - beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. nəzərdə tutulur".

Qanunsuz soyuq silah gəzdirməyin cəzası nədir?

R.Əliyevin sözlərinə görə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Milli.Az


Etiketlər:  Bakıda xüsusi dizaynla hazırlanmış gizli bıçaqların satışı aparılır VİDEO


RƏYLƏR