Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qızılca yüksəkkontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır”

“Qızılca yüksəkkontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır”

Tarix: 12 Dekabr 2023 22:15

"İlk dəfə IX əsrdə həkim, kimyagər və filosof Əbu Bəkr əl-Razi tərəfindən ətraflı təsvir edilən qızılca bəşəriyyətə 2 000 ildən artıqdır ki, məlumdur. Qızılcanın virusmənşəli xəstəlik olduğunu və bunun peyvəndlə qarşısı alına bilən, "idarə oluna bilən" xəstəliklər qrupuna daxil olduğunu bilirik. Odur ki, xəstəliyin spesifik müalicəsi olmasa belə, uşaqlarımızı infeksiyadan qorumaq üçün tövsiyə olunan intervalla peyvənd etdirmək mümkündür. Əks halda yoluxmuş şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər".

Milli.Az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Pediatrlar Assosiasiyasının sədri tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə bildirib.

Onun sözlərinə görə, hazırda qızılca infeksiyasının məktəb və bağçayaşlı uşaqlar arasında yayılması müşahidə edilir, xəstəlikdən ölüm halları da qeydə alınıb. Bundan əlavə, yetkin əhali arasında da yoluxma hallarına rastlanılır.

Həkim vurğulayıb ki, qızılca yüksəkkontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır:

"Yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması hallarında pnevmoniya, otit, bağırsaq fəsadları, ensefalit, meningit, ağız və göz xoraları (görmə qabiliyyətinin itirilməsi) və digər xəstəliklərin baş verməsi riski yüksək ola bilər".

"Hazırda bir pediatr kimi, məni başqa bir fakt narahat edir. Elm adamları qızılcanın immunitet sisteminə təsir etdiyini çoxdan bilirdilər, lakin son sübutlar göstərib ki, bu, immun sistemini yumşaq bir şəkildə zəiflətmək deyil, tamamilə yenidən işə salmaq məsələsidir.

Qızılca xəstəliyinə tutulmuş uşaqlar əvvəllər mübarizə aparmağı öyrəndikləri patogenlər tərəfindən təhlükə altında olurlar. Hər bir infeksiyanın orqanizmə daxil olması xəstəliyin inkişaf riskini artırır. Bəlkə də, toxunulmazlığı bərpa etmək üçün bütün xəstəlikləri yenidən keçirmək lazımdır", - pediatr qeyd edib.

Həkim onu da nəzərə çatdırıb ki, BMT-nin Uşaq Fondunun (UNICEF) 2018-ci il hesabatında A vitamininin uşaq ölümlərini 12 faiz azalda biləcəyi qeyd edilib. Həkim bildirib ki, immun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün vacib hesab edilən vitaminlərdən biri də A vitaminidir. Bu mənada A vitamini əlavəsi (VAS) proqramları uşaqlar üçün həyat yolu ola bilər.

Uşağın həyatının ilk beş ilində onun immunitetini dəstəkləmək, ishal və qızılca kimi təhlükəli xəstəliklərə qarşı müqavimətini artırmaq üçün 4-6 aylıq fasilə ilə ildə cəmi iki doza A vitamini qəbul etdirmək kifayətdir.

Elmi sübutlara əsaslanan protokola görə, A vitamini xüsusilə qızılca zamanı, iki dəfə 24 saat fasilə ilə həkim tərəfindən təyin olunarsa, bir sıra fəsadlardan qoruyur.

"UNICEF ekspertləri xüsusi olaraq vurğulayırlar ki, A vitamini əlavələrinin təsiri fərqli nəticə doğurur. Bu o deməkdir ki, əlavələr təsirli olsa da, bədəndə A vitamini ehtiyatı yaratmır və buna görə də hər bir uşağı balanslı və faydalı qida ilə təmin etmək üçün səylərinizi əsirgəməməlisiniz", - deyə Təranə Tağı-zadə  vurğulayıb.

Həkim əlavə edib ki, yaşından asılı olaraq uşaq adekvat qidalanmalıdır. Məsələn, iki yaşınadək uşaqlar vaxtında verilən tamamlayıcı qidalarla birlikdə ana və ya donor südü alırlar.

O, A vitamini yüksək olan qidaları da sadalayıb: qaraciyər, ət, balıq, süd, yağ, xama, kəsmik, yumurta (xüsusilə sarısı), yerkökü, balqabaq, bolqar bibəri, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, paxlalılar, qırmızı kürü, ərik, manqo, şaftalı, üzüm və s.

Sonda pediatr əlavə edib ki, yeni viruslar dövründə valideynlərdən tələb olunan övladlarını vaxtında vaksinasiyadan keçirməkdir.

Milli.Az


Etiketlər:  Qızılca yüksəkkontaktlı infeksiyadır yeganə mənbəyi insanlardır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ