Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 19:52
Bakı. Trend:
Ölkəmizə səfərə gəlmiş Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin fəaliyyəti ilə tanış olublar.
ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Agentliyin fəaliyyətini, DOST mərkəzdə əhaliyə göstərilən xidmətləri nəzərdən keçiriblər. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.
DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri, burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.
Qardaş ölkənin nümayəndə heyəti Mərkəzdə şahidi olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəssüratlarını ifadə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin