Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tövhid nədir?

Tövhid nədir?

Tarix: 21 Dekabr 2023 04:30

Uca Allah buyurur: "Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onlar fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır!" (əl-Ənbiyə, 22).
Bütün nöqsanlardan uzaq olan Allah ilahiləşdirilməyə və ibadət olunmağa haqqı olan yeganə varlıqdır. Qəlblər yalnız onu ilahiləşdirməli, yalnız Ona ibadət etməli və yalnız Ona boyun əyməlidir. Çünki, Uca Allah bu kainatı yaradan, kainatdakı işləri idarə edən, kamil sifətlərə sahib olan və hər bir nöqsandan uzaq olan Əzəmətli Rəbdir. Tək yaradan, yoxdan var edən və öldükdən sonra dirildən də yalnız Odur və Onun heç bir şəriki yoxdur. Bu o deməkdir ki, ibadət olunmağa haqqı olan da başqası deyil, yalnız Odur və ibadətdə Onun heç bir şəriki yoxdur. Tövhid - ibadətdə Uca Allahı təkləşdirməyə deyilir. Yəni insan tam yəqinliklə bilməlidir ki, həqiqi tanrı yalnız Allahdır. Bunları bilən və etiraf edən namaz, zəkat, oruc, həcc, dua, nəzir, qurban və s. kimi ibadətləri yalnız Uca Allahın razılığını qazanmaq və Onun verdiyi savaba nail olmaq üçün edər. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm". (əl-Ənam, 162-163).
Uca Allah Qurani Kərimdə insanların və cinlərin yaradılmasının əsas məqsədini məhz ibadət olmasını bəyan edir: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
Həmçinin, Uca Allah bütün insanlara ilk olaraq tövhidi əmr edir: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!" (ən-Nisə, 36); "Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur...". (əl-İsra, 23).
İnsan ağlı tövhid əqidəsini təfsilatı ilə dərk edə bilmədiyinə görə Allah Öz elçilərini göndərmiş və Öz kitablarını nazil etmişdir. Allah onların vasitəsilə bu əqidəni müfəssəl şəkildə izah etmişdir ki, insanlar elmə əsaslanaraq Allaha düzgün ibadət etsinlər. Allahın elçiləri bir-birinin ardınca göndərilərək bu əqidəni insanlara təbliğ etmiş və onu ətraflı şəkildə bəyan etmişlər. Bu haqda Allah buyurur: "Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın". (Fatir, 24); "Sonra bir-birinin ardınca elçilərimizi göndərdik". (əl-Mu'minun, 44).
Bu o deməkdir ki, peyğəmbərlər bir-birinin ardınca göndərilmiş və nəhayət, bu ardıcıllıq onların ən hörmətlisi, ən fəzilətlisi sayılan Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə tamamlanmışdır. O, öhdəsinə düşən vəzifəni yerinə yetirərək insanları Uca Allahın yoluna dəvət etmişdir. Uca Allah onun vasitəsilə bu dini kamil etmiş və Öz nemətini tamamlamışdır. Bu haqda Uca Allah bu ayəni nazil etmişdir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Məidə, 3).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları yalnız Uca Allaha ibadət etməyə və Ona heç nəyi şərik qoşmamağa çağırmışdır. Allahın elçilərinin hamısının vəzifəsi də məhz bu olmuşdur. Uca Allah buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan (Allaha şərik qoşmaqdan) uzaq olun" - deyə, elçi göndərdik". (ən-Nəhl, 36); "Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa haqq tanrı yoxdur, odur ki, yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək". (əl-Ənbiyə, 25).
Həmçinin, tövhid Uca Allahın öz bəndələri üzərindəki ən əsas haqqıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaz ibn Cəbələ (Allah ondan razı olsun) belə demişdir: "Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı nədir?" O dedi: "Allah və Onun Rəsulu daha yaxşı bilir". O buyurdu: "Qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Bəs bilirsənmi qulların Allah üzərindəki haqqı nədir?" O dedi: "Allah və Onun Rəsulu daha yaxşı bilir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir". (Səhih əl-Buxari, 2856-7373).
İbn Abbas (Allah onlardan razı olsun) rəvayət etmişdiir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muazı (Allah ondan razı olsun) Yəmənə göndərərkən ona belə buyurmuşdur: "Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları Allahı təkləşdirməyə dəvət et" Əgər bunu qəbul etsələr, onlara xəbər ver ki, Allah onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur...". (Səhih əl-Buxari, 7372).
Uca Allah tövhidə əməl edəni əbədi səadət diyarı olan Cənnətə salacağını vəd etmişdir. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Kim Allaha şərik qoşmadığı halda Ona qovuşarsa, Cənnətə girər. Kim də Allaha şərik qoşduğu halda Ona qovuşarsa, Cəhənnəmə girər". (Səhih Muslim, 93).


Etiketlər:  Tövhid nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ