Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu

Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu

Tarix: 1 Yanvar 2024 13:08

Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş oldu. Ötən il hər nə qədər "yaşıl enerji"yə keçid aktiv şəkildə təbliğ edilsə də, xüsusilə Rusiya-Ukrayna münaqişəsi bir daha göstərdi ki, təbii ehtiyatlara tələbat artmaqda davam edir. Hazırda təbii qaz və neft təchizatı olmadan enerji təhlükəsizliyi tam təmin edilə bilməz. Bunu Avropanın timsalında açıq şəkildə bir daha görmüş olduq.

"Report" 2023-cü ildə energetika sahəsində baş verən ən önəmli hadisələrə bir daha nəzər salmağı qərara alıb. Belə ki, regionda cərəyan edən geosiyasi qeyri-sabitlik fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında daha əhəmiyyətli rol oynamağa başlayıb.

Avropaya qaz nəqli rəqəmlərin dili ilə

Azərbaycanın təbii qazına tələbat gündən-günə daha da artmaqdadır. İki ilə yaxın bir müddət ərzində artıq 10-a yaxın ölkə Azərbaycana qaz təchizatının həcmini artırmaq və ya həmin ölkələrə təchizata başlamaq üçün müraciət ediblər. Zəngin qaz ehtiyatlarına (sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetrdir) malik olan ölkəmiz əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işləyir.

Azərbaycan Avropaya ciddi şəkildə qaz tədarükünü artırıb. Açıqlanan son statistikaya əsasən, artıq ötən ilin 11 ayında Azərbaycandan xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib. Bu, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 % çoxdur. Həmin dövr ərzində Azərbaycan Avropaya 10,85 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı illik müqayisədə 14,5 %, Gürcüstana isə 13,6 % artıb. Həmin dövrdə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,1 milyard kubmetrə yaxın qaz nəql olunub.

Xatırladaq ki, 2022-ci ildə ölkə Avropaya 10 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Ötə ilin sonuna kimi isə bu rəqəm 12 milyard kubmetrə çatdırılacağı proqnozlaşdırılır.

Azərbaycan qazı üçün yeni bazarlar

Avropaya qaz satışı ilə əlaqədar Azərbaycan interkonnektorların sayının artırılması istiqamətində də ciddi iş görür. Belə ki, İl başlar-başlamaz, Azərbaycan Rumıniyaya qaz nəqlinə başladı. Belə ki, 2022-ci ilin dekabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Romgaz S.A." arasında müqavilə imzalanıb. İmzalanmış bu müqaviləyə əsasən, 2023-cü ilin yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başladı. Razılaşma təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

İlkin razılaşmaya əsasən, Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqavilə aprelin 1-dək 300 milyon kubmetr "mavi yanacağ"ın vurulmasını nəzərdə tuturdu. Ancaq fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bu iki şirkət arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalandı. Bu saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və "Romgaz S.A." arasında imzalanan sənədlərin davamı hesab olunur.

İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və "yaşıl enerji" strategiyasına mühüm töhfə verəcək.

Yeri gəlmişkən, açıqlanan son statistikaya əsasən, artıq Rumıniya Azərbaycandan ümumiyyətlə 171 milyon 246,25 min ABŞ dolları dəyərində 184 milyon 286,16 min kubmetr təbii qaz nəql edib.

Rumıniyanın qonşusu olan Moldova da Azərbaycandan qaz almaq niyyətindədir. Moldova tərəfi bunu bizimkilərə dəfələrlə bildiriblər. Belə ki, SOCAR və "Romgaz S.A." şirkətləri arasında imzalanmış saziş sayəsində Azərbaycandan Rumıniyaya nəql edilən təbii qaz sonradan Moldovaya ötürüləcək.

Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya keçəcək. Bu da Moldovanın Azərbaycan qazını satın almasına imkan verəcək. Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının köməyi ilə tikilən və bütün bu illər ərzində istifadə olunmayan 43,2 km uzunluğunda Yassı-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Bu kəmərin ötürmə qabiliyyəti illik 1,5 milyard kubmetrdir, ölkədə isə 3 milyard kubmetrə qədər yanacaq istehlak edilir.

Azərbaycandan başlayan "Həmrəylik halqası"

Ötən ilin ən yadda qalan enerji hadisələrindən biri də Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması olub. Belə ki, Bolqarıstan "Bulgartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın FGSZ, Slovakiyanın "Eustream" və SOCAR arasında əməkdaşlığın təşviqinə dair razılığa gəlinib.

Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Ötən il Azərbaycan Macarıstana da qaz nəqlinə başladı. Hətta artıq belə bir plan və niyyət var ki, Macarıstana göndərilən Azərbaycan təbii qazının həcmi yaxın illərdə təqribən 1 milyard kubmetrə çatdırılacaq. Bununla bağlı rəsmi Budapeşt və Bakı arasında artıq siyasi saziş də imzalanıb.

Eyni zamanda Macarıstan rezervuarlarında 50 milyon kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma da əldə edilib. Bundan əvvəl isə Macarıstanın "MVM CEEnergy" şirkəti ilə SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb.

Bundan başqa, ötən ilin sonunda Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyev kəmərin açılışında vurğulayıb ki, ölkənin qaz ixracı coğrafiyası daha da genişlənir: "Hazırda Azərbaycan təbii qazını 8 ölkəyə ixrac edir, Serbiya doqquzuncu ölkədir. Bu 9 ölkənin yeddisi Avropa ölkəsidir və bu interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək".

Prezident qeyd edib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır: "Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 %-ini təşkil edir".

İlham Əliyev deyib ki, ölkənin əsas məqsədi qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir: "Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır".

Beləliklə, bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Belə ki, qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutulur.

Ərəblər Xəzərə "ayaq açdı"

Geridə qoyduğumuz il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən ən böyük yataqlardan biri olan "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi ilə yadda qalıb. Bu, "Abşeron" yatağına yeni səhmdarın daxil olması ilə təsadüf edib. Satınalma tamamlandıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payına sahib olacaq, SOCAR və Fransanın "TotalEnergies" şirkətinin hər birinin iştirak payları isə müvafiq olaraq 35 % təşkil edəcək.

Bununla da ADNOC BƏƏ-nin hüdudlarından kənarda "upstream" layihəsində ilk investisiyasını yatırmış ölkə kimi Azərbaycan olub. Bu həm də ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Saziş Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcək və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcəkdir.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən "upstream" layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.

Azərbaycan enerjisi Orta Asiyaya genişlənir

Ötən il SOCAR özünün və Azərbaycanın enerji siyasətini bir az da genişləndirib. Azərbaycan dövləti ilk dəfə olaraq Orta Asiyada digər enerji ölkəsi, Azərbaycana qardaş və dost türk dövləti olan Türkmənistanda da SOCAR-ın nümayəndəliyini açıb.

Bu əlamətdar hadisə, Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.

Bununla bərabər Azərbaycan Özbəkistanla da bütün sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələrini daha da genişləndirir. Buna misal olaraq SOCAR-ın "Uzbekneftegaz" şirkəti ilə qurulmaqda olan əlaqələrindən danışmaq olar. İki şirkət arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair dəfələrlə müzakirələr aparılıb.

Ötən il həmçinin Bakıda keçirilən Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində, tərəflər arasında "Uzbekneftegaz"ın Azərbaycanda neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistanda neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistanın Mədən və Geologiya Nazirliyi və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığı üzrə 2023-2025-ci illəri əhatə edən Yol Xəritəsi də imzalanıb. Belə ki, 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər.

Həmçinin ötən il "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC ilə "Azərenerji" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.

Azərbaycan tərəfi Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra çətin duruma düşmüş Qazaxıstana da yardım əlini uzadıb. Belə ki, Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan "Kaztransoil" şirkəti Aktau limanından Bakı limanı istiqamətində "Tengiz" yatağından çıxarılan neftin ixracına başlayıb. Artıq bu ilin yanvar-noyabr aylarında neft tədarükünün həcmi 1 milyon 238 min tona çatdırılıb. Bu ilin 11 ayında Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 62 min ton təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 % çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, "KazMunayQaz" və SOCAR arasında "Tengiz" yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.

SOCAR Norveç şirkətinin paylarını aldı

İlin son günlərində SOCAR "Azəri-Çıraq-Günəşli", "Qarabağ" yataqları, həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Norvecin "Equinor" şirkətinə məxsus iştirak paylarını aldı. Bununla bağlı artıq sənədlər də imzalanıb.

Belə ki, iştirak paylarının alqı-satqısına qədər, "Equinor" AÇG neft yataqlarında 7,27 %, BTC boru kəmərində 8,71 %, "Qarabağ" yatağında isə 50 % iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 %, BTC-də 25 %, "Qarabağ" yatağında 50 % təşkil edib.

Bununla da Azərbaycan neft-qaz nəhəngi AÇG-də payların dörddə birinə, BTC-də isə payların üçdə birindən çoxuna sahibdir.

Neft-qaz sahəsində aktivlərin satışına baxmayaraq, "Equinor" SOCAR ilə dekarbonizasiya və "yaşıl enerji" sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Ötən ilin uğurlarından biridə AÇG neft yatağındakı "Qərbi Azəri" platformasından bir milyardıncı barel neft hasil ediliməsi oldu.

Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bu xoş xəbəri əhali ilə bölüşərkən açıqladı ki, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb və ikinci milyard barelin yoluna çıxır. Bu əlamətdar mərhələyə çatan ilk platforma isə "Mərkəzi Azəri" olub. "Mərkəzi Azəri" bu xəttə digər platformalardan daha tez - 2021-ci ilin iyul ayında çatıb.

Qeyd edək ki, "Qərbi Azəri" Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.

Ötən il enerji sektorunda yadda qalan hadisələrdən biri də SOCAR rəhbərliyinin yenilənməsi oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə SOCAR-a yeni vitse-prezidentlər təyn olundu.

Bu islahatlara səbəb isə şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdirilməsi olub.

2023-cü ilə gözucu nəzər yetirdikdə, açıq aşkar məlum olur ki, Azərbaycanda inkişaf yerində dayanmır. Xüsusilə də ölkənin enerji sahəsində atılan addımlar, qəbul edilən yeni qərarlar, qanunvericilik sahəsində aparılan işlər, həmçinin ölkənin imzaladığı memorandumlar bir daha göstərir ki, Azərbaycanın enerji sahəsində çox böyük iddiaları, planları və perspektivləri mövcuddur. Bütün bunları nəzərə alaraq artıq indidən demək olar ki, üzümüzə gələn 2024-cü ildə bu sahədə bizi daha da maraqlı hadisələr gözləyir. İndidən əminliklə demək olar ki, bu il Azərbaycan təbii qazını alan ölkələrin siyahısı və coğrafiyası daha da genişlənəcək. Nəql edilən təbii qazın həcmləri və bu "mavi yanacağı" alan Avropa ölkələrinin sayı daha da artacaq.

Azərbaycanın dünyada daha da tanınması istiqamətində mütərəqqi işlər həyata keçiriləcək. Bir sözlə, yeni enerji dolu ilə daha da enerjili baxmaq lazımdır!..

Milli.Az


Etiketlər:  Avropanın enerjiyə artan tələbatı Azərbaycanın rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ