Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 01:02
İslam şəriətinə görə haram əməllər bəlli olaraq müəyyən edilmiş, ayə və hədislərdə tanıdılmışdır. Haram kimi tanıdılmayan qalan əməllər isə halaldır, günah deyil. Şəriətimizə görə, bəzi şəxslərin evlənməsi icazəli deyil, onlar şəriətə görə bir-birinə məhrəm sayılırlar. Amma qadın öz qaynına məhrəm sayılmır. Buna görə də şəriətimiz qadına öz qaynının yanında hicabsız gəzməyə icazə vermir. Əgər nişanlı oğlan və ya evli kişi rəhmətə gedərsə, qardaşı onun nişanlısı və ya arvadı ilə ailə qura bilər (iddə müddəti gözləndikdən sonra). Bunun şəriət baxımından qadağası yoxdur. Amma bu şəriətin vacib göstərişi də deyil. Şəriət belə məsələlərdə ürfün nəzərinə - yerli adət-ənənəyə üstünlük verir. Yəni hansısa vacib olmayan məsələ yerli adətlərlə ziddiyyət təşkil edirsə, o zaman onu həyata keçirməkdən çəkinmək lazımdır. Nəzər saldığımız məsələyə gəlincə, bu adət bəzi Yaxın Şərq ölkələrində mövcuddur. Məqsəd də subay qardaşın öz mərhum evli qardaşının ailəsinə sahib çıxmaqdır. Qadının baxımsız qalmaması, eləcə də məcbur olub yad adama ərə getməməsi üçün bu addımı atırlar. Lakin bir daha qeyd edək ki, sözügedən addımı yalnız yerli ənənələrin qəbul etdiyi ərazilərdə atmaq məsləhətdi.